Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Bizim.Media oxu.az-a istinadən xəbər veirr ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin məhkəmədə sərbəst ifadəsi dinlənilib.
Amin Nuri qardaşı Adlan Nurini hər hansı bir mülklə bağlı yox, onun sürdüyü həyat tərzi ilə bağlı öldürdüyünü deyib:
"Aslan daim narkotik maddələrdən istifadə edirdi, bütün məhəllə onun narkomanlığından bezərək mənim qarşımı kəsirdi. Onun hərəkətlərinə görə camaat mənim qapıma yumurta atırdı. Hamı deyirdi ki, qapından namusunu təmizlə".
Təqsirləndirilən hadisə baş verən gün qardaşının onu söydüyünü və bundan sonra hiddətlənib bu hadisəni törətdiyini vurğulayıb.
"O, bir neçə gün idi ki, məni hədələyirdi ki, sənin xirtdəyini kəsərəm. Mən də qorxumdan bıçağı üstümdə gəzdirirdim. Həmin gün otağa girdim, onu oyatdım ki, gedək bir yerdə kərpic alaq iş görək həyətdə. O isə ayılan kimi nalayiq söyüşlər söydü mənə və ailəmə. Mən də vurdum onu. Həmin otaqda uşaq ondan iki metr aralıda yatmışdı. Sonra götürüb uşağı aparıb anasına verdim, getdim polisə".
Növbəti proses yanvarın 14-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il iyulun 3-də səhər saatlarında Binəqədi rayonunun ərazisində baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.
Təqsirləndirilən Amin Nuri müharibə iştirakçısı və həmçinin zabit olub.
Amin Nurinin barəsində 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə yekun ittiham elan olunub.
Bizim.Media



























































































