Əslən Oğuz rayonunun Xaçmazqışlaq kəndindən olan və hazırda Balaxanı Neft-Qaz Çıxarma İdarəsində işləyən Şərif Kərimov Bizim.Media-ya müraciət edərək, Birinci Qarabağ Müharibəsi zamanı onu ölümdən xilas etmiş qubalı əsgər yoldaşı Rövşəni axtardığını bildirib.
Onun sözlərinə görə, 1991-ci ildə Oğuzdan Bakıya gələrək Neft Texnikumuna daxil olub. 1992-ci ildə hərbi xidmətə çağırılıb və Bakının Zığ qəsəbəsində yerləşən Dəniz piyadaçıları hərbi hissəsində xidmət edib. Şərif Kərimov deyir ki, Quba rayonundan olan əsgər yoldaşı Rövşəndən uzun illərdir xəbərsizdir.
O qeyd edir ki, 2 aylıq Bakıda keçirilən təlimlərdən sonra hərbi xidmətlərini Ağdam cəbhəsində davam etdiriblər və Ağdamın Əfətli və Əliağalılar kəndi istiqamətində gedən döyüşlərdə iştirak ediblər. Birinci Qarabağ Müharibəsinin 2-ci qrup əlili olan Şərif Kərimov həmin ilin oktyabr ayında Fərrux yüksəkliyində döş qəfəsindən ağır yaralanıb. Onu döyüş meydanından çıxararaq həyatını xilas edən isə qubalı əsgər yoldaşı Rövşən olub.
Şərif Kərimov həmin hadisəni belə xatırlayır:
“Vəziyyət çox ağır idi. Hamı məcburən mövqeləri tərk edirdi. Amma Rövşən məni tək buraxmadı. O, öz silahı ilə yanaşı mənim də silah-sursatımı daşıyaraq məni 3 kilometr məsafədə sürüyüb mövqelərimizin olduğu yerə çatdırdı.
Əgər o, məni sürüyüb gətirməsəydi, ya ermənilərə əsir düşəcəkdim, ya da döş qəfəsimdən aldığım yaranın qanaxmasından öləcəkdim. O, məni həm ölümdən, həm də əsirlikdən xilas etdi. Bu 33 ildə yaşadığım hər günə görə ona borcluyam”.
Şərif Kərimov bildirir ki, 1992-ci ildə bir neçə dəfə yaralanıb, hospitallarda müalicə aldıqdan sonra 2-ci qrup əlil kimi ordudan tərxis olunub.
Keçmiş döyüşçü axtardığı Rövşəni sonuncu dəfə 1993-cü ilin yanvar ayında gördüyünü deyir:
“Eşitdim ki, Rövşən Ağdərədə ayağından ağır yaralanıb. Mən onu görmək üçün Bayılda yerləşən hərbi xəstəxanaya getdim. O vaxtdan sonra bir daha onu görmədim”.
Onun sözlərinə görə Rövşəni tapmaq üçün 7–8 il əvvəl Qubaya da gedib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsində və Quba Əlillər Cəmiyyətində soruşsa da, tanıyan olmayıb.
Şərif Kərimov deyir ki, Rövşənin yalnız adını xatırlayır — nə soyadını, nə də Qubada hansı ünvanda yaşadığını bilir. Şərif Kərimov onu ölümdən xilas edən və 32 ildir görmədiyi əsgər yoldaşı ilə yenidən görüşməyi, ailəsinə tanıtmağı çox istəyir.
Şərif Kərimovun saytımıza müraciətini Quba rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Asəf Şurinova ünvanladıq. Qurum nümayəndəsi cəmi 10 dəqiqə araşdırması nəticəsində Şərif Kərimovun axtardığı Rövşənin Qubanın Çartəpə kəndində yaşadığını bildirdi.
Məlumata görə, 1973-cü il təvəllüdlü Rövşən Piri oğlu Şükürov 1992-ci ildə Bakıda Dəniz piyadaçıları hərbi hissəsində qulluq edib, Qarabağ müharibəsində iştirak edib və Ağdərədə yaralanıb.
Bizim.Media olaraq əsgər yoldaşı olan xilaskarı Rövşəni axtaran Şərif Kərimova dostunu tapdığımızı demədik, bunu saytımız vasitəsilə ona sürpriz edirik.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu




























































































