Bir gecədə məşhurlaşan süni müğənni – Bu ifalar necə trendə ÇEVRİLDİ? – VİDEO

Bir gecədə məşhurlaşan süni müğənni – Bu ifalar necə trendə ÇEVRİLDİ? – VİDEO

Hazırda oxunan: Bir gecədə məşhurlaşan süni müğənni – Bu ifalar necə trendə ÇEVRİLDİ? – VİDEO

584464

Son günlər sosial şəbəkələrdə süni intellektlə yaradılmış “virtual müğənni”nin ifaları trendə çevrilib. Texnologiyanın belə yüksək həddə çatacağı gözlənilən idi, amma burada gözlənilməz olan odur ki, bu müğənni real həmkarlarından daha çox sevildi. Dinləyicilər etiraf edirlər ki, çox vaxt tənqid olunan, müəyyən qisim insanların seçimi olan bəzi mahnılar süni intellektin hazırladığı versiyada daha təsirli, ahəngdar və “qulağayapışan” səslənir. Xüsusilə də meyxanaçılardan Balabəyin və Namiq Qaraçuxurlunun yenidən “doğulan” musiqili-meyxanaları böyük maraq doğurub.

“Bəzi müğənnilərə baxanda daha hissiyatlı oxuyur”

Məsələyə adıçəkilən meyxanaçılardan Balabəy Ağayevin münasibətini öyrəndik. O,  Bizim.Media-ya bildirdi ki, süni intellektlə yaradılmış yeni səs və versiyanı çox bəyənir:

“Mənim bu yeniliyə baxışım normaldır. Mahnını hiss etmək var. Süni olmasına baxmayaraq mahnını daha çox hiss edir. Hətta deyərdim ki, bəzi müğənnilərə baxanda daha hissiyatlı oxuyur. Mənim bir neçə mahnımı da ifa edib. Dinləmişəm, çox bəyənmişəm. Azərbaycanda süni intellektlə ilk dueti mən eləmişəm və yaxşı də qəbul olunub”.

Məsələnin digər tərəfi isə virtual müğənninin səsinin Nəzrin Vəlizadənin səsinə bənzədildiyi iddialarının ortaya atılmasıdır. Xatırladaq ki, ixtisasca coğrafiya müəllimi olan Nəzrin elə o vaxt da oxuduğu “İlahi” mahnısı ilə xeyli müzakirələr yaratmışdı. Bu dəfə isə onun mahnısı yox, səsi gündəm mövzusudur. Hətta bəziləri məhz onun səsinin kopyalandığını iddia edirlər.

Nəzrin Vəlizadə Bizim.Media-ya məsələ ilə bağlı açıqlama verərək bildirdi ki, sözügedən mahnı versiyalarından xəbərdardır:

“Sosial şəbəkələrdə yayılan o mahnıların hamısını mənə atıblar. Amma o, mən deyiləm. Tək mən yox, bir çox məşhurun səslərini birləşdirə bilərlər. Səs mənimkinə oxşasa da, dinləyicilərim o mahnılarda mənim səsim olmadığını çox yaxşı anlayırlar”.

Məsələnin araşdırmasına və təsdiqlənəcəyi halda etiraza gəlincə isə müğənni bununla bağlı məlumatsız olduğunu dedi:

“Təəssüf ki, bu imkanımız, səs bankımız yoxdur. Buna əngəl ola bilmərəm, amma həll yolları varsa əla olardı”.

Ümumiyyətlə səsin kopyalanması hüquq pozuntusu hesab oluna bilərmi?

Hüquqşunas Vüsal Heybətov bildirdi ki, müğənninin səsi onun yaradıcılığı, həmçinin mülkiyyəti və imicidir. Əgər kimsə onun səsindən icazəsiz istifadə edirsə, məhkəməyə müraciət edib təzminat tələb edə bilər. Eyni zamanda bütün platformalardan həmin icazəsiz versiyaların yığışdırılması mümkündür. Növbəti mərhələdə isə səsinin süni intellekt vasitəsilə istifadə edilməsinə rəsmi qadağa qoydura bilər. Amma bunun üçün səsin şəxsə aid olması müəyyən texnoloji üsullarla təsdiqlənməlidir. Bunun üçün müəyyən digital üsullar mövcuddur, bunlardan ən populyarı audio deepfake aşkarlamasıdır.


Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO