Bəzi insanlar buğda unundan hazırlanan “ağ çörəyi” yox, çovdar unundan hazırlanan “qara çörəyi” yeməyi üstün tuturlar. Səbəb isə budur ki, çovdar çörəyi aclıq hissini yatırır, insanı daha çox doyurur, həmçinin həzm və şəkər sistemi üçün də daha faydalı hesab olunur. Ancaq marketlərdə satılan çovdar çörəyinin tərkibinə şübhəylə yanaşanlar da var.
Bəziləri deyir ki, bu çörəyin rənginin qara, qəhvəyi olmasının səbəbi çovdar unu yox, qida rəngi kimi əlavə qatqılardır.
Bizim.Media bu iddialarla bağlı mütəxəssis rəyini öyrənib.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında bu iddiları təsdiqləyib və bildirib ki, çovdar çörəyi satılan çörəklərin heç də hamısı çovdar unundan deyil.
"Təmiz çovdar unundan hazırlanan çörəklər tərkibinin zənginliyinə, rənginə, dadına, çəkisinə və qiymətinə görə digər çörəklərdən fərqlənməlidir. Bəzən alıcılar marketlərdə satılan qara çörəkləri çovdar unundan hazırlanmış çörəklə qarışdırırlar. Ancaq bu, belə deyil. O çörəklər bir çox halda çovdar unundan yox, buğda unundan, rəngləndiricilərdən, dadlandırıcılardan, qida qatqı maddələrindən istifadə olunaraq hazırlanır".
Bəs alıcılar bunu necə ayırmalıdır?
"Çovdar unundan hazırlanan çörək alanda etibarlı, mənşəyi bəlli olan istehsalçının çörəyini almaq lazımdır. Üzərində mütləq "100 % çovdar unundan" yazılması mütləqdir. Əgər üzərində "çovdar unundan hazırlanıb", ancaq tərkibində isə buğda, rəngləndiricilərin adı yazılıbsa, bu, təmiz çovdar çörəyi deyil",-deyə Məhsəti Hüseynova bildirib..
Ekspert deyir ki, çovdar çörəyinin çəkisi daha ağır olur:
"Çovdar unundan hazırlanan çörəklərin rəngi daha çox qəhvəyi, tünd qəhvəyi olur. Bəzən fərqli tonda ola bilər. Bu, unun üyüdülməsi, bişmə şəklindəndir. Çovdar çörəyinin ölçüsü kiçik olsa da, daha ağır olur. Çünki tərkibində nəmlilik dərəcəsi yüksək olur və buğda çörəyindəki kimi məsamələr, boş hissələr olmur. Həmçinin, elastiklik olmadığına görə kəsilməyə daha meylli olur, daha çətin çeynənir. Bunlar çovdar unundan hazırlanan çörəyin əlamətləridir. Dadı isə turşdur, torpaq dadını xatırladır. Çovdarın özünəməxsus qoxusu var. Qiyməti də digər çörəklərdən fərqlidir.
Satışda olan çörəkləri alarkən mütləq onun etiket məlumatlarına diqqətlə baxmaq lazımdır”.
Nəzrin Mirzəyeva, Bizim.Media

































































































