Son illərdə internetdə yayılan bəzi oyunlar bir çox ölkədə uşaqların psixologiyasına mənfi təsir edərək intihara qədər aparan faciələrə səbəb olur. Bu təhlükəli oyunlara “Mavi balina”, “Fire Fairy”, “Momo challenge” və digərləri aiddir.
Bu oyunlarda bəzi çətinlik aşmalı məqamlar, cəsarət tələb etmə kimi fikirlər aşılandığı vurğulansa da, əslində, uşaqların zehni sağlamlığına ciddi zərər vurur.
Oyunların əsas məqsədi uşaqları tədricən oyuna bağlamaq və onların psixoloji davamlılığına təsir etmək, bir növ, onu məhv etməkdir.
Oyunun ilk mərhələsində sadə tapşırıqlarla sınağa çəkilən uşaqlar uşaqlar sonrakı mərhələlərdə iştirakçı kimi təhdid, qorxu, şantajla üz-üzə qalırlar. İnternet üzərindən uşaqların şəxsi məlumatlarını ələ keçirən oyun idarəçiləri iştirakçıları oyundan uzaqlaşmağa qoymurlar.
Azərbaycanda da bu tələyə düşən uşaqlar az deyil. Bununla bağlı müəyyən iddialar var.
Bəs bu oyunlardan, internetdən evimizə sızan bəladan uşaqlarımızı necə qorumalıyıq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyib ki, belə oyunlara emosional boşluğu olan, valideyn nəzarəti olmayan yeniyetmələr, valideyndən diqqət, sevgi, qayğı görməyən, özünə qapanıq uşaqlar və gənclə maraq göstərirlər:
“Bəzi valideynlər uşaqlarına telefonu onu qorumaq, onun harda olduğunu bilmək üçün aldıqlarını deyirlər. Hazırda Azərbaycanda uşaqlarla bağlı kriminal hadisələr bəzi ölkələrlə müqayisədə çox aşağıdır. Amma bu gün uşaqlar arasında özünəqəsd halları yayılıb. Bu da valideyn diqqəti, nəzarəti olmayan anlarda formalaşan bir duyğudur.
O oyunlar kifayət qədər savadlı və təcrübəsi olan insanlar tərəfindən hazırlanıb. Bəzən deyirlər ki, bu oyunları idarə edən insanlar psixoloji baxımdan müəyyən təlim, təhsil almış insanlardır.
Buna görə də gecə saatlarında bu oyunlar vasitəsilə uşaqları yuxudan oyadır, filmə baxmaqlarını tövsiyə edir, filmdən suallar verir və bu kimi hallarla uşaqlara müəyyən səviyyələri keçməyə sövq edirlər. Yuxu sistemi pozulmuş hər bir insan intihara meyilli ola bilir.
Yuxu sistemi pozulanda insan kabuslar görə bilir və bu proses də get-gedə dərinləşir ki, sonu da belə ağır hadisələrlə nəticələnir”.
Psixoloq hesab edir ki, müəyyən proqramlardan istifadə etməklə uşaqlarımıza nəzarət etməliyik:
“Onlara ən əsası da sevgi, diqqət, qayğı göstərməliyik. Bəzən uşaqlarımızın qidası, geyimi bizi düşündürsə də onun ətrafı, hansı oyunu oynadığı, əyləncəsi bizə maraqlı gəlmir. Məsələ də burdan qaynaqlanır.
Xarici ölkələrdə məktəblərdə psixoloqlar bütün uşaqlara, Azərbaycanda isə yalnız problemli uşaqlara nəzarət edirlər. Azərbaycanda məktəb direktorları problemli uşaqları polisdən gizlədir. Hansı ki, bu işlərlə bağlı müfəttişlər təyin olunub.
Bir uşağın, xüsusilə, məktəblinin intiharında valideyn qədər məktəbin də günahı var. Çünki bu fikir bir gündə formalaşmır. Uşaqların çəkdiyi rəsmlər boş-boşuna çəkilmir, bu rəsmlər bir həyəcan təbilidir”.
Günay Şahmar, Bizim.Media





























































































