Məhkəmə qərarı ilə əvvəlki qeydiyyat ünvanından çıxarılmış və yaxud digər səbəblərə görə daimi pasport qeydiyyatı olmayan şəxslər bəzi hallarda şəxsiyyət vəsiqəsi almaqda, dəyişdirməkdə çətinlik çəkirlər.
Halbuki pasport qeydiyyatı olmadan da şəxsiyyət vəsiqəsi almaq və yaxud dəyişdirmək mümkündür.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Fuad Xəlilov deyib ki, hüquq yaşayış yerindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi hər bir vətəndaşın şəxsiyyətini təsdiq edən sənədlə təmin olunmasını təmin edir:
“Konstitusiya Məhkəməsinin və Nazirlər Kabinetinin müvafiq qərarları da bu prinsipin qorunmasına yönəlib.
Ona görə də qediyyat yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməməsi qanunsuzdur. Bu, Azərbaycan Respublikasının Konstitusiyasının 12,24,26,71-ci maddələrinin, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun, Konstitusiya Məhkəməsinin şərhinin və Nazirlər Kabinetinin bununla bağlı sərəncamın pozulmasıdır.
Konstitusiya Məhkəməsinin 2003-cü il tarixli şərhində də qeyd edilib ki, "yaşayış yeri" bölməsinin mövcudluğu yaşayış yeri olmayan vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməməsinə əsas ola bilməz. Hətta həmin şərhdə bu məsələnin həll edilməsi təxirəsalınmadan təşkil edilməsi Nazirlər Kabinetinə tövsiyə edilib.
Həmin şərh əsasında Nazirlər Kabinetinin 55 s nömrəli sərəncam qəbul edilib. Sərəncama əsasən yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi nəzərdə tutulub.
Yəni, qısaca desək, vətəndaş hər bir halda şəxsiyyət vəsiqəsi ilə təmin edilməlidir, yaşayış yeri olmayan vətəndaşlara şəxsiyyət vəsiqəsi verilməli “yaşayış yeri” bölməsində həmin ünvan şərti olaraq qeyd edilməlidir”.
Surxay Atakişiyev, Bizim.Media




























































































