Hazırda Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin sayı 200-dən çoxdur. Bura paytaxt Bakı ilə yanaşı, ölkənin digər bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar da daxildir.
Bizim.Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Gəncə şəhərində təşkil olunmuş mediaturda deyib.
Agentlik rəsmisi bildirib ki, özəl tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərin sayı bu ilin 8 ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 18% artıb:
"Bu artım özəl sektorun xidmətlərindən istifadə dinamikasının yüksəldiyini və vətəndaşların ehtiyac olduqda özəl sektorda da icbari tibbi sığorta çərçivəsində xidmət ala bildiyinin göstəricisidir. Müraciətlər əsasən bir sıra cərrahi xidmətləri əhatə edir. Bunların sırasında invaziv radioloji xidmətlər, oftalmoji əməliyyatlar, ürək-damar cərrahiyyəsi, uroloji və ümumi cərrahiyyə üzrə əməliyyatlar üstünlük təşkil edib.
Cari ilin ilk 8 ayında özəl tibb müəssisələrində göstərilən xidmətlərin müqabilində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ümumilikdə 302 milyon manatdan çox vəsait ödənilib".
Günay Şahmar, Bizim.Media
































































































