İki Azərbaycan və bir Türkiyə vətəndaşının 7 aydan çoxdur əsassız ittihamlarla Ukraynada saxlanıldığı deyilir.
Bizim.Media xəbər verir ki, bu barədə “qafqazinfo.az”a həbs olunan şəxslərdən birinin qohumu müraciət edib.
Adının çəkilməyini istəməyən şikayətçi iddia edib ki, Əmrah Cəfərzadə, Vüsal Əliyev və İsa Koçar erməniəsilli qadının saxta ittihamlarına görə həbsə salınıblar.
Onun sözlərinə görə, adıçəkilən şəxslərə erməniəsilli Ukrayna vətəndaşına qarşı təcavüz kimi ağır, alçaldıcı və etibar zədələyici ittiham irəli sürülüb:
“Hazırda həmin şəxslər Kiyevdə Lukyanivska təcridxanasında saxlanılırlar. İttihamlara əsasən, guya həmin şəxslər narkotikin təsiri altında Anya adlı erməni qadına təcavüz ediblər. Lakin ilkin ifadələrlə sonrakı ifadələr arasında fərqlər mövcuddur. İttihamın irəli sürülməsinə baxmayaraq, cinayət işi materiallarında zərərçəkmişdə cırılmış paltar, zədə, xəsarət və ya hər hansı fiziki zorakılıq izi qeydə alınmayıb.
Bununla yanaşı, tibbi sənədlərdə bədəndə təzyiq, dartılma, əzilmə və ya digər travmatik izlər aşkar olunmayıb. Hadisə baş verdiyi iddia olunan zamanda zorakılığın izlərini təsdiqləyən kriminalistik əlamətlər müəyyən edilməyib.
Bioloji sübutlar isə tamamilə yoxdur. Yəni DNA (DNK) izi aşkar edilməyib, sperm izinə rast gəlinməyib, hadisə yerindən və ya zərərçəkmişdən götürülmüş nümunələrdə hər hansı bioloji iz tapılmayıb. Eyni zamanda, kriminalistik ekspertizalar ittihamla uyğun gələn nəticə təqdim etmir”.
O qeyd edib ki, hadisəni birbaşa görən və ya təsdiqləyən heç bir şahid də yoxdur:
“Şahid kimi göstərilən şəxslər hadisənin təfərrüatlarını öz gözləri ilə görməyib və məlumatlar eşitmə xarakterlidir. Zərərçəkmişin ifadələri başqa heç bir obyektiv sübutla təsdiqlənmir.
Narkotik və ya psixoaktiv maddə izləri yoxdur. Hadisəni təsdiq edən video–audio materiallar, müşahidə kamerası görüntüləri təqdim edilməyib. Telefon, mesaj, sosial şəbəkə və digər elektron sübutlarda ittihamla bağlantı yoxdur. Geolokasiya və ya hərəkət trayektoriyasını göstərən sübutlar təqdim edilməyib. Həmçinin zərərçəkmişin tibbi müayinəsində ittihamı dəstəkləyən nəticələr yoxdur. Ekspert rəyləri ziddiyyətlidir və cinayətin tərkibini təsdiqləmir, hadisənin baş verdiyi iddia olunan vaxt və tibbi nəticələr arasında uyğunluq yoxdur.
Yəni ittihamda qeyd olunan hadisə ssenarisini sübut edən heç bir kriminalistik, texniki və ya bioloji dəlil yoxdur. Hadisənin başvermə şəraitinə dair iddialar fərziyyələrdən ibarətdir və obyektiv sübutlarla təsdiq olunmur”.
Şikayətçi vurğulayıb ki, hazırda adıçəkilən şəxslərin həbsdə saxlanılması ilə bağlı konsul müdafiəsi təmin edilmir.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə də sorğu ünvanlanıb.
Bizim.Media































































































