Bakıdakı bir çox restoran və şadlıq evlərində keçirilən toy mərasimlərində Monqolustandan gətirilən qoyun, Ukraynadan gətirilən mal ətindən istifadəyə edildiyinə dair məlumatlar yayılıb.
Qeyd edilir ki, həmin ətlər yerli istehsalla müqayisədə restoranlara xeyli ucuz başa gəlir. İstehlakçılara yerli məhsul kimi təqdim olunan Monqolustan və Ukrayna ətlərindən toy mərasimləri üçün tikəkabab, lüləkabab, basdırma və digər yeməklər hazırlanır.
Adi günlərdə də restoranlar müştərilər üçün yemək hazırlanmasında bu ətlərdən istifadə edirlər.
Bizim.Media xəbər verir ki, mövzu ilə əlaqədar modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Ukraynadan və Monqolustandan gətirələn ətlər nəzarət altındadı və normal ətlərdir:
“Məsələn, Monqolustan İrana qat-qat çox ət ixrac edir və bunlar əsasən quzu ətləridir.
Ukraynada isə bu bizneslə əsasən azərbaycanlılar məşğul olurlar. Azərbaycanda son 8 ayda ət defisitinin qarşısını almaq üçün bu istiqamətdə idxal başlayıb. Lakin birmənalı şəkildə bu ətlər donmuş ətlər olur.
Yenə də deyirəm ki, bu ətlər normaldır və Qida Təhlükəsizliyi Agentliyinin nəzarətindədir. Eyni zamanda, yerli ətlərdən xeyli ucuzdur”.
E.Hüseynov bu ətlərlə bağlı istehlakçılardan daxil olan zənglər barədə də danışıb:
“İstehlakçı zənglərini ümumiləşdirsək, qeyd edilir ki, Monqolustan ətlərinin dadı yerli heyvan ətlərindən xeyli geri qalır. O ətləri insanlar istehlak etdikdə kabab və digər yeməklərdə dərhal hiss edirlər və bu barədə bizə məlumat verirlər”.
E.Hüseynov onu da qeyd edib ki, restoran və şadlıq evlərinin sahibləri istehlakçılara, yaxud sifariş verənlərə birmənalı şəkildə ətin mənşəyini bildirməyə borcludur:
“Sifariş verən vətəndaş bu barədə məlumat əldə etməkdə haqlıdır. Restoran və şadlıq sarayları tərəfindən bu barədə məlumat verilmir, yaxud yanlış informasiya verilirsə, bu, istehlakçı hüquqlarının pozulmasıdır.
Belə hallarda istehlakçıların hüququ var ki, dövlət orqanlarına müraciət edib, aldadıldıqlarını bildirsinlər. Bu, yolverilməzdir”.
Bizim.Media































































































