Qara çörək daha sağlam hesab edilərək digər çörək növləri ilə müqayisədə daha baha qiymətə təqdim edilir. Qida mütəxəssisləri isə bu məsələdə həyəcan təbili çalır.
Belə ki, qara çörəklər zənn edildiyi kimi faydalı olmaya və hətta insan sağlamlığı üçün zəhərə çevrilə bilər.
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı pravda.az-a açıqlama verən Qida məsələləri üzrə mütəxəssis İlkin Şirinovun sözlərinə görə, əsl qara çörək, kofe, kakao rəngində olmur:
“Qara çörəyə müəyyən rəngləndiricilər qatılır. Bu kimi qatqıların əlavə olunması çörəyin tərkibində dəyişikliyə səbəb ola bilir. Çörəyin qida dəyərini azaldır. Qara çörək çovdar unundan hazırlanmalıdır. 60-80-100 faizlik çovdar unundan və ya 60 faiz çovdar unu olarsa, 40 faiz buğda unu qatıla bilər.
Çovdar ununun rəngi tünd olduğundan qara çörəyin təbii rəngi də belə olmaldır. Ancaq müxtəlif işbazların insanların sağlamlığını diqqətə almadan həmin çörəyin tərkibinə müxtəlif kakao, yandırılmış şəkər əlavə edirlər. Çörəyə qida rənginin əlavəsi ümumiyyətlə yolverilməzdir”.
Mütəxəssisin sözlərinə görə, qatqılar çörəyin tərkibində dəyişikliyə səbəb olur ki, bu da insan sağlamlığına zərər verən hallara gətirib çıxara bilər:
“Çörəyi aldıqda, əllə toxunulduqda ələ müxtəlif rəng dəyərsə, çörəyi yedikdə yapışqanlıq və ya şirinlik hiss edilərsə bilinməlidir ki, burada artıq qatqıdan söhbət gedir.
Təbii hazırlanmış qara çörək çox tünd rəngdə olmur. Əgər müştəri yediyi zaman başqa cür dad hiss edərsə, o çörəyi almasınlar. Çünki belə çörəklər alındıqca, tələbat artdıqca həmin fırıldaqçılar da müntəzəm olaraq istehsal etməyə başlayırlar.
Bu zaman isə insan sağlamlığı arxa plana keçəcək”.
Bizim.Media
































































































