Bir çox məsələlərdə Avropaya inteqrasiya etməyə çalışırıq. Amma bu çalışmalarımızda diqqətdən kənar qalan bəzi məqamlar var. Onlardan biri də valideyn-övlad münasibətləridir. Qərb ölkələrində valideynlər 18 yaşından sonra övladlarının işinə qarışmır. Onların müstəqil həyata təkbaşına alışmasına imkan verirlər. Eyni zamanda övladlar da öz qərarlarında tam müstəqil olurlar. İstər şəxsi karyerada, istərsə də ailə həyatı qurarkən gənclər özləri qərar verirlər. Valideynlər sadəcə kənarda dayanıb övladlarının həyat yolunu izləyirlər.
Təbii ki, belə vəziyyətdə gənclər daha rahat olur, müstəqil qərarlar verə bilir və səhv etməməyə çalışırlar. Çünki onların səhvlərini heç bir valideyn sığortalamır.
Çox təəssüf ki, bizdə mənzərə tam fərqlidir.
Valideyn qəbir evinə qədər övladları üçün çalışır. Təkcə çalışmır, eyni zamanda övladlarının əvəzinə qərarlar verir. Hansı baxçaya, hansı məktəbə, hansı universitetə getməyi əsasən valideynlər müyyən edirlər. Hətta kiminlə evlənəcəyinə də bəzən valideynlər qərar verirlər. Bəzən övladın harada və kiminlə yaşayacağı da valideynlərin seçiminə əsasən müəyyənləşir.
Nəticədə övladlarımızın bir qismi bu qədər fədakarlıqdan bezib, qaçır. Özləri ayaqda qalmaq istəyirlər. Bəziləri isə bu fədakarlıqdan sui-istifadə edir. Bu gün valideynin imicini və sərvətini istədiyi kimi sağa-sola xərcləyən kifayət qədər övladlar tanıyırıq. Onlar son nəticədə valideynlər üçün yaramaz övlada, cəmiyyət üçünsə neqativ nümunəyə çevrilirlər.
Ən maraqlısı da odur ki, valideynlərin ultra fədakarlığı onların özlərinin rahatlığını, sağlamlıqlarını əllərindən alır. Belə məlum olur ki, bəzi valideynlər ömürləri boyu ancaq övladları üçün yaşayıblar, özlərini isə unudublar.
Bəs elə isə valideynlər övladları üçün nə qədər fədakar olmalıdırlar?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, bütün dünyada qəbul edilmiş qaydadır ki, valideynlər övladları üçün fədəkarlıq etməlidirlər:
“Amma bunun da müəyyən çərçivəsi olmalıdır. Valideyn fədakarlığı uşaqların ərköyün böyüdülməsinə qədər gedib çıxmamalıdır. Bu məsələdə valideynlər ciddi məsuliyyət daşıyırlar. Hər bir valideyn fədakar olmalıdır. Bizim də valideynlərimiz fədakar olublar. Amma onlar imkan verməyiblər ki, bizim tərbiyəmiz pozulsun, təhsilimiz axsasın. Ən əsası da ərköyünləşib ictimai qınaq obyektinə çevrilməyimizə imkan verilməyib.
Biz də bu cür etməliyik. Fədakarlıq edib övladlarımızın ailəmiz və cəmiyyətimiz üçün layiqli insan kimi yetişməsinə nail olmalıyıq. Nəzərə alaq ki, uşaqların ərköyün və şıltaq böyüdülməsi son nəticədə cəmiyyəti ciddi problemlərlə üz-üzə qoyur. Əsas diqqət ediləsi məqam da budur. Ona görə də övladlarımız müstəqil həyata öyrətməliyik, hər bir məsələdə məsuliyyətin onların üzərində qalacağını təşviq etməliyik”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:00 / 26.11.2025
Valideyn-övlad münasibətlərində QIRMIZI XƏTT – Həddindən artıq fədakarlığın ACI NƏTİCƏLƏRİ
Hazırda oxunan: Valideyn-övlad münasibətlərində QIRMIZI XƏTT – Həddindən artıq fədakarlığın ACI NƏTİCƏLƏRİ
Hazırda oxunan: Valideyn-övlad münasibətlərində QIRMIZI XƏTT – Həddindən artıq fədakarlığın ACI NƏTİCƏLƏRİ
582350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































