İnvestorların ABŞ Federal Ehtiyat Sisteminin (FED) artıq gələn ay faiz endiriminə gedə biləcəyi yönündə artan gözləntiləri səhmlərin dəyərini yüksəldib. Hazırda treyderlər FED-in dekabrda 25 baza bəndi endirim ehtimalını 60% səviyyəsində qiymətləndirirlər.
Həftə ərzində ABŞ-də pərakəndə satışlar və istehsalçı qiymətləri üzrə yeni statistik məlumatlar açıqlanacaq. Britaniyanın maliyyə naziri Reçel Rives də uzun müddətdir gözlənilən büdcə təqdimatını bu həftə elan edəcək.
Asiya bazarlarında yüksəliş qeydə alınıb.
Yaponiyada bazarların tətil səbəbindən bağlı olduğu gündə Asiya indeksləri müsbət dinamika göstərib. Bir sözlə FED rəsmilərinin açıqlamaları bazara stimul verib. FED-in nüfuzlu rəsmisi Con Uilyams faizlərin “yaxın dövrdə” azala biləcəyini bildirib. Goldman Sachs iqtisadçıları da dekabrda bir faiz endirimi, 2026-cı ilin mart və iyun aylarında isə əlavə yumşalma gözləyirlər.
Bununla belə, ötən həftə texnologiya şirkətlərinin yüksək qiymətləndirilməsinə dair narahatlıqlar əsas ABŞ indekslərini mənfi zonada saxlayıb.
Bəs FED-in uçot dərəcəsinin aşağı salması fonunda nələr baş verəcək?
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı Natiq Cəfərli deyib ki, FED uçot dərəcəsini onsuz da aşağı salacaq:
“Çünki təşkilat uçot dərəcəsinin aşağı salınacağı ilə bağlı məlumatı hər zaman öncədən verir. FED-in ən böyük üstünlüyü odur ki, onun dünya birjaları üçün vacib yeri, ağırlığı var. Təşkilat heç zaman radikal addımlar atmır. Əksinə birjaları öncədən olacaqlara hazırlayır.
O ki, qaldı FED-in uçot dərəcəsinin aşağı salınmasına...
Bu o deməkdir ki, dünya birjalarında ucuz vəsait artacaq, kreditlər ucuzlaşacaq, kredit imkanlarına çıxış ucuzlaşacaq. Bu da bəzi məhsulların ucuzlaşmasına, o cümlədən qızılın qiymətinə təsir göstərəcək. Bu günə kimi qızılın unsiyasının dəyərinin 4 min dolları keçməsi FED-in atacağı addımlar fonunda baş verirdi. FED-in növbəti qərarından sonra qiymətli kağızların bahalaşmasını da görəcəyik. Çünki pul imkanlarına çıxış asanlaşdıqca əldə olunan vəsaitin birjalara axını da gözlənilir.
Birjalara axan vəsaitsə təbii ki, birja qiymətlərini artıracaq. Amma qızıl və digər məhsulların ucuzlaşacağı da gözlənilir. Bu da Azərbaycan bazarına kifayət qədər təsir edəcək”.
Surxay Atakişiyev, Bizim.Media































































































