Son günlər vətəndaşlar arasında belə iddialar yayılıb ki, “999 0”, “777 0” nömrələrindən gələn zəngləri açarlarsa, avtomatik olaraq bank kartlarına, telefonun qalereya bölməsinə giriş olunur.
Daxili İşlər Nazirliyinin açıqlamasında bank kartlarına müdaxilə, hesablardan pul vəsaitlərinin oğurlanması və ya vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsi ilə bağlı hər hansı faktın aşkarlanmadığı qeyd olunsa da, bəzi vətəndaşlarda, xüsusilə, zəngi açanlarda narahatlıq qalıb. Onlar düşünürlər ki, əgər zəngi cavablandırıblarsa, deməli, şəxsi məlumatları oğurlanıb.
Bəs bu, texniki baxımdan mümkündür? Sadəcə zəngi açmaqla telefondan şəxsi məlumatlar oğurlana bilər?
Bizim.Media mövzuyla bağlı İKT üzrə ekspert, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının idarə heyətinin sədri Elvin Abbasovun fikirlərini öyrənib.
O bildirib ki, yayılan iddialar texniki cəhətdən əsassızdır:
“Sadəcə zəngi cavablandırmaqla heç bir smartfonun sisteminə müdaxilə edilə bilməz və qarşı tərəf telefonun içindəki məlumatlara daxil ola bilməz. Mobil əməliyyat sistemləri, istər Android, istər iOS, zəng protokolları vasitəsilə məlumat ötürülməsinə imkan vermir”, - deyə Elvin Abbasov məsələni texniki baxımdan izah edib.
“Məlumatın oğurlanması bir halda baş verə bilər...”
Ekspert qeyd edib ki, vətəndaş özü qarşı tərəfə bank kartı məlumatı, SMS kodları, “remote access” icazəsi və ya şəxsi informasiyalar təqdim etdikdə məlumatlar oğurlana bilər:
“Dələduzlar ilk zənglə etibar qazanır, daha sonra isə müxtəlif bəhanələrlə məlumat tələb edirlər. Bu məlumatlar verilmədikcə hesablara giriş mümkün deyil”.
Müsahibimiz vətəndaşlara tövsiyə edib ki, tanımadıqları nömrələrdən gələn zənglərdə özlərini dövlət qurumu və ya bank kimi təqdim edən şəxslərə inanmasınlar, heç bir məlumat paylaşmasınlar və xüsusilə SMS təsdiq kodlarını heç kimə deməsinlər.
“Hər hansı şübhəli zəng olduqda isə rəsmi qaynar xətlərlə dəqiqləşdirmək daha təhlükəsizdir. Bu kimi hallarda panikaya düşmək əvəzinə məlumatlı davranmaq kiberdələduzluq riskini minimuma endirir”.
Nəzrin Mirzəyeva, Bizim.Media


































































































