Məlumdur ki, ölkəmizdə bir neçə aydır xırda və iri buynuzlu heyvanlar arasında dabaq infeksiyası yayılıb. İnfeksiyanın dah böyük coğrafiyada yayılmaması üçün “heyvan bazarları”nın fəaliyyəti oktyabrın 25-dən etibarən məhdudlaşdırılıb, heyvanların daşınması qadağan olunub. Eyni zamanda ölkə üzrə təsərrüfatlara dabaq əleyhinə növbəti vaksinasiyaya başlanılıb.
Bəs ötən 1 ayda nə dəyişib?
Sualı Bizim.Media üçün cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyir ki, bölgələrdə apardığımız müşahidələr və təsərrüfatlardan alınan məlumatlara görə dabaq infeksiyası tamamilə səngiyib:
MÖVZU İLƏ BAĞLI:
Fermerlərin NƏZƏRİNƏ - Dabaq xəstəliyini sağaldan TƏBİİ VASİTƏLƏR
“Çox az təsərrüfatlarda xəstəlik qala bilər. Həmin təsərrüfatlarda da zəruri müalicə tədbirləri görülür. Bir sözlə, ölkə üzrə epizootik vəziyyət sabitdir və vaksinasiya tədbirləri davam etdirilir”.
Nazirliyin rəsmisi onu da qeyd edib ki, tədbirlər planına əsasən dabaq əleyhinə vaksinasiya il boyu dövlət hesabına aparılır:
“Artıq bu ənənə halını alıb. Çünki dabaq xəstəliyi heyvandarlıq təsərrüfatlarında zaman-zaman qeyd alınır. Ona görə də builki vaksinasiya da xəstəliyin artması ilə bağlı deyil. Sırf təsdiq olunmuş tədbirlər planına uyğun aparılır.
Lakin bir məqamı qeyd edim ki, Cənubi Afrika üçün xarakterik olan SAT-1 serotipi son aylarda Yaxın Şərq və Qərbi Avrasiya regionlarında aşkar edilib. Türkiyə, Gürcüstan, İraq və Azərbaycanın da daxil olduğu üçüncü epidemioloji hövzə ərazisində Türkiyə və İraqda xəstəliyin SAT-1 serotipinin yayılması rəsmi təsdiqini tapıb.
Bölgədə dabaq xəstəliyinin SAT-1 serotipi ilə bağlı yoluxma risklərini nəzərə alaraq Nazirlik yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən builki peyvəndləmə planından kənar dabaq xəstəliyinin həmin serotipinə qarşı əlavə peyvənd alınıb və aidiyyəti qurumlar ilə razılaşdırılmaqla profilaktik peyvəndləmə tədbirlərinə başlanılıb. Peyvənd tədarükü və peyvəndləmə tədbirlərinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır”.
Surxay Atakişiyev, Bizim.Media
































































































