Suraxanı Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Qalib Bəşirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.
İttihama görə, hadisə 30 sentyabr 2025-ci il tarixdə, saat 15:30 radələrində paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Belə ki, Qalib Bəşirov azyaşlı qızı ilə “WhatsApp” vasitəsilə görüntülü danışarkən evdən səs-küy gəldiyini eşidib. Bu zaman onda evdə kənar şəxsin olması ilə bağlı şübhə yaranıb. Təqsirləndirilən şəxs qızının ağlamağını da eşitdikdən sonra keçmiş həyat yoldaşı olan zərərçəkmiş Samirə Quliyevanın (adı, soyadı şərtidir) yaşadığı evə gəlib, qapını döyərək daxil olmaq istəyib.
Qadın qapını açdıqda təqsirləndirilən şəxs ondan evdə kimin olduğunu soruşub, zərərçəkmiş şəxs isə evdə heç kimin olmadığını bildirib. Lakin həmin vaxt hamam otağından yad kişi çıxıb. Bunu görən Qabil onun üzərinə hücum etməyə cəhd edib, lakin həmin şəxs hadisə yerindən qaçaraq uzaqlaşıb.
Bundan sonra təqsirləndirilən şəxs keçmiş həyat yoldaşını əxlaqsız davranışda günahlandıraraq onu nalayiq ifadələrlə təhqir edib, qəsdən yumruq və şillə ilə Samirənin sifət və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Nəticədə o, zərərçəkmiş şəxsə burun tənəffüsünün çətinləşməsi ilə müşayiət olunan burun və ətraf yumşaq toxumalarda hematoma kimi xəsarətlər yetirib.
Zərərçəkmiş məhkəmə ifadəsində bildirib ki, keçmiş əri ilə barışıb, ondan şikayətçi deyil. (Pravda.az)
Bizim.Media
































































































