Şairə Nazilə Səfərli Yasamaldakı yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin dəfn mərasimindən video paylaşıb.
Bizim.Media xəbər verir ki, yaxın dostunun vəfatı ilə bağlı kədərini bildirən Nazilə sənət adamlarının vidada iştirak etməməsindən şikayətlənib:
“Bu da sənin son mənzilin. Vəfalı dostum, xeyirxah dostum, Könül. Özü kirayədə qalıb, amma yaşlı üç qadını himayəsinə götürmüşdü. İyirmi beş yaşlı qızı hələ də ağır olaraq reanimasiyada həyat uğruna mübarizə aparır. Allahın rəhmi gəlsin…
Könül bütün milli bayramlarımızda əksər xalq, əməkdar artistləri ən kübar milli geyimlərlə təmin edib. Qarabağda festivallarda, xarici və ölkə sərgilərində gördüyünüz əksər milli geyimlər Könülün imzası idi. Onun paltarları geyim olmaqdan çıxmışdı, əsər idi. Təəssüf hissi ilə qeyd edirəm ki, mədəniyyət nümayəndələri, media nümayəndələri dəfnə gəlmədilər.
Milli bayramlar, dövlət tədbirləri yenə gələcək, hamı Könülü axtaracaq. Onda anlayacaqsınız Könül sizin üçün kim olub… On beş illik dostumu itirdim. Çox pisəm”.
Qeyd edək ki, hadisə nəticəsində 3 nəfər həyatını itirib. 27 nəfər isə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar. Hazırda 7 nəfərin müalicəsi Toksikologiya şöbəsində davam etdirilir.
Sara, Bizim.Media































































































