“Son günlər dövlət qeydiyyat nişanlarındakı defis işarəsi ilə bağlı yayılan məlumatlar müəyyən çaşqınlıq yaradıb. Qeyd edirik ki, defis işarəsinin olması nömrə nişanının etibarlılığına təsir etmir və hazırda istifadə olunan bütün dövlət qeydiyyat nişanları qüvvədədir”.
Bu sözləri Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev Bizim.Media-ya açıqlamasında deyib.
O bildirib ki, mövcud qaydalara əsasən, nömrə nişanlarının dəyişdirilməsi yalnız zədələnmə, deformasiya və ya oxunmazlıq kimi hallarda mümkündür:
“Bunun istisnasında təkcə defis işarəsinə görə nömrənin yenisi ilə əvəz edilməsinə ehtiyac yoxdur. Vətəndaşlardan xahiş olunur ki, yalnız defis işarəsinə görə nömrə dəyişdirmək üçün müraciət etməsinlər. Sonda bir daha bildiririk: dövlət qeydiyyat nişanı hər hansı deformasiyaya məruz qalmayıbsa, onun dəyişdirilməsi həyata keçirilmir”.
Qeyd edək ki, yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq.
Bizim.Media

























































































