Dövlət Statistika Komitəsinin məlumatına görə maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-сi ilin yanvar-oktyabr aylarında 506,1 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 22,5 faiz azalıb.
2025-сi ilin yanvar-oktyabr aylarında 3280 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1153 ədəd az minik avtomobili istehsal olunub. 01.11.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 168 ədəd təşkil edir.
Yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 13,7 faiz, yük avtomobillərinin istehsalı isə 31,6 faiz azalıb.
İstehsalda azalma bir yana, az miqdarda istehsal olunan avtomobil və digər texnikalara daxili bazarda alıcı da tapılmır.
Nəticədə hazır məhsullar yığılıb anbarlarda qalır.
Nəzərə alaq ki, 2023-cü ildə 859, 2024-cü ildə isə 600-ə yaxın olub.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Natiq Cəfərli onu qeyd edib ki, ölkəmizdə hər hansı bir avtomobil istehsal edilmir:
“Bütün kompenentlər xaricdən gətirilir və sadəcə burda yığılır. Nəticədə həmin avtomobillər gömrük rüsumlarından azad olunur. Tək bu səbəb görə Azərbaycanda yığılan avtomobillər yerli bazarda daha çox üstünlük qazanmalıydılar. Çünki onar daha ucuz başa gəlirlər”.
Bəs niyə həmin avtomobillər anbarlarda yığılıb qalır?
Müsahibimiz deyib ki, ölkədaxilində yığılan avtomobillərə insanların inamı, güvəni və etibarı azdır:
“Ona görə də yerli avtomobillərə ictimai maraq çox azdır. Bu avtomobillərin alıcıları bir qayda olaraq dövlət orqanlarıdır. Hansısa səbəblərdən də avtomobil şirkətləri məhsullarının reklamına və təşviqinə o qədər də maraq göstərmirlər. Çünki müştəriləri obrazlı desək “dövlət büdcəsidir”.
Surxay Atakişiyev, Bizim.Media

































































































