“Vergi Məcəlləsinə” gələn ildən “ƏDV geri al” mexanizmi ilə bağlı yeni dəyişikliyin edilməsi nəzərdə tutulub. Layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dəstəklənərək plenar iclasa tövsiyə edilib”.
Bizim.Media xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Deputat bildirib ki, yeni dəyişikliklərə əsasən, gələn ildən vətəndaşlara “ƏDV geri al” görə daha çox vəsaitin ödənilməsi nəzərdə tutulur:
“Belə ki, təklif edilən layihəyə əsasən, bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə “ƏDV geri al” mexanizminin tətbiqi həyata keçiriləcək. Bu o deməkdir ki, bu xidmətlərdən istifadə edən vətəndaşlarımız ödədiyi verginin bir hissəsini geri ala biləcəklər.
Yeni qaydalarda məqsəd qeydolunan sektorlarda şəffaflığı gücləndirmək və nağdsız ödənişləri stimullaşdırmaqdır. Bu eyni zamanda, həmin xidmətlərdən istifadə zamanı vətəndaşlarımızın ödənişinin bir hissəsinin geri qaytarılması yolu ilə istehlakçılara vəsait ödənilməsinə imkan verəcək. Bu isə birbaşa stimullaşdırcı xarakter daşıyır. Bu baxımdan, yeni qaydalar istehlakçıların ödədikləri vəsaitin bir hissəsini geri almağa imkan yaratmaqla yanaşı, sözügedən sahənin “ağarması” prosesini sürətləndirəcək”, - deyə Vüqar Bayramov əlavə edib.

Bizim.Media






























































































