Azərbaycanda bəzən elə vəziyyətlər olur ki, vətəndaş ölkəni tərk etmək istəsə də, buna imkan verilmir.
Bəs hansı hallarda şəxsin xaricə çıxışına məhdudiyyət qoyula bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən vəkil Ramil Süleymanov bildirib ki, vətəndaşın ölkəni tərk etməsinə qoyulan qadağalar bir neçə hüquqi əsasa dayanır.
Onun sözlərinə görə, ilk növbədə, şəxsin barəsində cinayət işi başlanıbsa, o, istintaq yekunlaşana qədər ölkədən çıxa bilməz:
“Əgər hər hansı bir cinayət işi üzrə şəxs barəsində araşdırma aparılırsa və ya o, təqsirləndirilən şəxs qismində tanınıbsa, həmin dövrdə onun Azərbaycan Respublikasını tərk etməsinə hüquqi qadağa qoyula bilər”, - deyə Ramil Süleymanov bildirib.
Vəkil qeyd edib ki, yalnız cinayət işi deyil, mülki və inzibati xarakterli öhdəliklər də ölkədən çıxışa məhdudiyyət yarada bilər:
“Vətəndaş ona tətbiq olunmuş inzibati cəriməni və ya məhkəmə tərəfindən müəyyən edilmiş maliyyə öhdəliyini vaxtında ödəmədikdə, ədliyyə orqanlarının probasiya xidməti və ya məhkəmə qərarı əsasında onun ölkədən çıxmasına məhdudiyyət tətbiq oluna bilər”.
Ramil Süleymanov bildirib ki, xüsusilə borcunu ödəməyən şəxslər, aliment borcluları, bank borcu ilə bağlı məhkəmə qərarını icra etməyənlər, böyük məbləğdə dövlət rüsumlarını ödəməyənlər müəyyən müddətə ölkəni tərk edə bilmirlər:
“Barəsində verilmiş mülki məsuliyyətlə bağlı məhkəmə qərarı icra olunmadıqda vətəndaşın ölkədən getməsi qadağan edilə bilər. Bu, yalnız məhkəmənin müvafiq qərarı ilə mümkündür”.
Aygün Hüseyn, Bizim.Media





























































































