İllərdir dəyişməyən “ƏNƏNƏ” – Qızlara təhsil qadağaları nə vaxt SONA ÇATACAQ?

İllərdir dəyişməyən “ƏNƏNƏ” – Qızlara təhsil qadağaları nə vaxt SONA ÇATACAQ?

Hazırda oxunan: İllərdir dəyişməyən “ƏNƏNƏ” – Qızlara təhsil qadağaları nə vaxt SONA ÇATACAQ?

580682

Təəsüflər olsun ki, illər keçsə də, texnoloji, mədəni sferada dəyişikliklər olsa da, cəmiyyətimizdə bəzi problemlər hələ də qalmaqdadır. Bunlardan biri də qızların təhsildə, arzularına gedən yolda qarşılaşdıqları maneələrdir.

Hələ də bəzi ailələrdə qızın oxumağı anormal bir məsələ kimi qarşılanır, təhsil alıb-almayacağı müzakirə olunur, sonda isə həmin qız uşağının qurduğu yüzlərlə arzunun ya üstü qaralanır, ya da “icazə” verilir. Bu məsələ təhsil göstəricilərinə əsasən də təsdiqlənib.

Bir müddət öncə elm və təhsil naziri Emin Əmrullayev açıqlamasında bu problemə toxundu.

“Dördüncü sinif üzrə statistikalara baxdıqda, qızların təhsil göstəriciləri oğlanlara nisbətən daha yüksək olur. Lakin sonrakı illərdə oğlanların nəticələri yüksəlməyə başlayır”,-deyə açıqlamasında qeyd edən nazir əlavə etdi ki, bunun əsas səbəbi qızların 9–11-ci siniflərə çatdıqca müəyyən məhdudiyyətlərlə, qadağalarla üzləşməsidir.

Deputat, Milli Məclisin elm və təhsil komitəsinin üzvü Elnarə Akimova Bizim.Media-ya açıqlamasında qızların təhsildə qarşılaşdıqları maneələrdən, bunun əlaqəli olduğu stereotiplərdən danışıb.

Nazirin fikri, əslində, illərdir səssiz şəkildə davam edən bir reallığın etirafıdır.

Deputat vurğulayıb ki, məsələnin kökü təkcə məktəb divarlarının içində deyil, cəmiyyətin düşüncə tərzində, ailə münasibətlərində və sosial mühitin formalaşma mexanizmində gizlənir.

“Ən böyük maneə  stereotiplərdir. Qızların oxumasına, karyera qurmasına, elmə yönəlməsinə qarşı hələ də bəzi dairələrdə “mədəni şəkildə gizlədilmiş” müqavimət mövcuddur.

“Qız uşağı çox oxusa, ər tapmaz”, “Qadının yeri evdir” kimi düşüncələr XXI yüzillikdə - informasiya əsrində belə, təəssüf ki, bir çox ailələrin qərarlarına təsir edir.

İkinci maneə  iqtisadi və sosial bərabərsizlikdir. Regionlarda yaşayan ailələrin bir hissəsi oğlan uşağının təhsilinə üstünlük verir, qızların təhsilini lazımsız hesab edir. Bəzi hallarda isə ailə məsuliyyətləri – ev işləri, kiçik qardaş-bacıya baxmaq, erkən nikah kimi hallar qızın təhsil yolunu yarıda qoyur”.

“Qızlar üçün rol modelləri azdır”.

“Üçüncü mühüm məqam rol modellərinin çatışmazlığıdır. Qız uşaqları elm, texnologiya, mühəndislik kimi sahələrdə özlərinə bənzər, uğurlu qadın nümunələrini az gördükdə bu istiqamətlər onlara uzaq və çətin görünür”.

Elnarə Akimova atılması vacib olan bəzi addımları da qeyd edib:

“İlk növbədə, maarifləndirmə və ictimai şüur dəyişməlidir. Təhsilli qadının ailəyə, cəmiyyətə və iqtisadiyyata verdiyi töhfələr açıq şəkildə göstərilməlidir. Media, sənədli filmlər, sosial layihələr bu istiqamətdə mühüm rol oynaya bilər.

İkincisi, regionlarda qızların təhsilini dəstəkləyən xüsusi proqramlar -  təqaüdlər, mentorluq layihələri, təhlükəsiz nəqliyyat və məktəbə davamlılığın təşviqi - həyata keçirilməlidir Valideynlər üçün də maarifləndirici görüşlər, treninqlər təşkil olunmalıdır”.

Qadın liderliyi təşviq edilsin.

“Məktəblərdə, universitetlərdə qadın müəllimlərin, alimlərin, menecerlərin uğur hekayələri paylaşılmalı, bu hekayələr qızlar üçün motivasiya mənbəyinə çevrilməlidir.
 

Qızların təhsildən kənarda qalması təkcə fərdi itki deyil, milli intellektin zəifləməsi deməkdir. Cəmiyyətin yarısı təhsil imkanlarından tam istifadə edə bilmirsə, inkişafın da yarısı dayanır. Hər bir qız uşağının itirilən təhsil ili ölkənin itirilən potensialıdır.


Elm, texnologiya və yaradıcılıq sahələrində qadınların iştirakı artdıqca, ölkənin innovativ düşüncə səviyyəsi də yüksəlir. Bu baxımdan, qızların təhsilinə qoyulan hər bir investisiya - sabahın güclü, ədalətli və balanslı Azərbaycanına qoyulan sərmayədir”.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO