5 il öncə BU GÜN – 7 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

5 il öncə BU GÜN – 7 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

Hazırda oxunan: 5 il öncə BU GÜN – 7 noyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ – ADLAR

579433

Bu gün Vətən Müharibəsi şəhidlərindən daha bir neçəsinin Anım Günüdür.

Bizim.Media 7 noyabr 2020-ci ildə şəhid olan qəhrəmanlarımızı təqdim edirik.

Möhlət Abbasov


19 mart 2001-ci ildə Daşkəsən rayonunda anadan olub. Ailəsinin ilki olan Möhlət 2007-ci ildə Gəncə Şəhər 21 nömrəli tam orta məktəbin birinci sinifinə başlayıb, 2018-ci ildə isə həmin məktəbdən məzun olub. 2019-cu ildə hərbi xidmətə yollanıb.

27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinə qoşulanda hərbi xidmətinin bitməyinə 3 gün qalmışdı.

Möhlət Abbasov 7 noyabr 2020-ci ildə Şuşanın Daşaltı istiqamətində qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Möhlət Abbasov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə",  "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. Şəhidimiz Daşkəsən rayonunda dəfn olunub.

Afər Orucov


1996-cı il martın 13-də Quba rayonunun Aşağı Atuc kəndində anadan olub. 2001-2013-cü illərdə Quba rayon Aşağı Atuc kənd tam orta məktəbdə təhsil alıb. Afər Orucov 2014-2015-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Müddətdən artıq xidmətini Azərbaycanın Daxili Qoşunlarında "çavuş" rütbəsiylə edib.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Afər Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Afər Orucov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Afər Orucov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Mehdi Fərzullazadə


27 iyul 1995-ci ildə Bakının Bülbülə kəndində anadan olub. 2002-2012-ci illərdə Bakı şəhər 208 saylı tam orta məktəbdə orta təhsil alıb. Məktəb illərində idman yarışlarında, əsasən futbolda qazandığı uğurlara görə aldığı xeyli sayda fəxri fərmanla təltif edilib. 2013-2015-ci ildə ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Mehdi Vətən müharibəsinin başladığı ilk gündən hücum əməliyyatlarına qatılıb. O, Füzuli-Cəbrayıl-Xocəvənd istiqamətlərində şərəfli döyüş yolu keçib. Mehdi Fərzullazadə 7 noyabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərəkən qəhrəmanlıqla şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Mehdi Fərzullazadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Toğrul Ağalarlı


1995-ci il, yanvarın 31-də Ağsu rayonu Ağalarbəyli kəndində anadan olub. Hərbi xidmətə yararsız sayılsa da, özü könüllü əsgərliyə yollanıb. Vətən Müharibəmizdə Xocavəndin azad edilməsi uğrunda döyüşüb və 7 noyabr tarixində aldığı qəlpə yarası nəticəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Murad Nəfəsov


2001-ci il fevralın 9-da Masallı şəhərində anadan olub. O, 2008-2019 cu illərdə Rafiq Əlihəsənov adına Masallı şəhər 1 nömrəli tam orta məktəbdə təhsil alıb. Murad 2019-cu ilin aprel ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Əsgərliyini Azərbaycan Silahlı Qüvvələrinin Bakı şəhərində, “N” saylı hərbi hissəsində tankçı-tuşlayıcı kimi davam etdirib.

Murad Ocaqdurdu oğlu Nefesov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd və Şuşanın alınması uğrunda aparılan döyüşlərdə iştirak edib.

Murad noyabr tarixində Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidin nəşi 9 noyabr 2020-ci il tarixdə doğulduğu Masallı şəhər qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş əsgər Murad Ocaqdurdu oğlu Nəfəsov ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunması” medalları ilə təltif edilib.

Murad Əliyev


13 mart 2001-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Murad Əliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Müharibənin bir çox hərbi əməliyyatlarında və döyüşlərində vuruşub. Murad Əliyev Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərin gedişatında 7 noyabr 2020-ci ildə şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Murad Əliyev ölümündən sonra "Vətən uğrunda"  "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" medalı ilə təltif edilib.

Ramiz Ağayev


1993-cü il iyul ayının 25-də Bakının Biləcəri qəsəbəsində doğulub.

301 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra, həqiqi hərbi xidmətə yola düşüb. Ramiz xidmət dövrünün 7 ilini paytaxtdakı hərbi hissələrdən birində keçirib. Daha sonra, rayonlardan birinə təlimə göndərilib. Vətən müharibəsi başlayanda xüsusi təyinatlı hərbçi kimi Kəlbəcər istiqamətində gedən döyüşlərə qoşulub. Murovdağ zirvəsinin düşməndən azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. Daha sonra Füzuli istiqamətindəki döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Çiyinindən və boğazından 3 güllə yarası alsa da, döyüş meydanını tərk etməyib.

Yarası ağır olduğundan F.Ramiz hərbi hospitala yerləşdirilib, çiynindəki mərmini çıxarmaq mümkün olmayıb. Tam sağalmamış geri, cəbhəyə qayıdıb və Şuşanın azadlığı uğrunda döyüşə atılıb. Həmin döyüşdə Ramiz və əsgər yoldaşalrı Şuşa Qalasına nəzarəti ələ keçiriblər. O günün səhəri, noyabrın 7-də ermənilər tərəfindən atılan artileriya mərmisinin qəlpəsi Ramizin ürəyinə sancılıb və o şəhid olub.

O, 2-ci Fəxri Xiyabanda dəfn edilib. Ramiz Ağayev ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Tural İsmayılov


1999-cu il martın 10-da Daşkəsən rayonunun Zivlan kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Tural İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tural İsmayılov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub.

2020-ci il noyabrın 16-da Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin Sərəncamları ilə şəhid Orxan Bəxtiyarov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qardaşxan Əhmədli


12 mart 1996-cı ildə Lənkəran rayonunun Osakücə kəndində anadan olub. 6 yaşına kimi Osaküçə kəndində yaşayıb və daha sonra ata-anası ilə birgə Bakı şəhərinə köçüblər.

2004-cü il ildə Bakı şəhəri şəhid Rəşid Baxışov adına 218 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2013-cü il may ayının 30-da həmin məktəbin 11-ci sinfini başa vurub. Təhsilini başa vurduqdan sonra bir müddət satıcı işləməyə başlayıb.

Qardaşxan Əhmədli 3 yanvar 2015-ci ildə Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Gəncədə yerləşən "N" saylı hərbi hissəyə göndərilib. Qısa bir müddət orada xidmət edən Qardaşxan daha sonra Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə xidmətini davam etdirməyə göndərilib.

2016-cı ilin "Aprel döyüşlərinin" iştirakçısı olub. O, göstərdiyi şücaət və qəhrəmanlıqlarla adını tarixə yazıb. Həmin ilin iyul ayında xidmətini başa vurduqdan sonra ehtiyata buraxılıb. Ata-anasına kömək etmək məqsədilə fəhlə işləməyə başlayıb. 2019-cu ilin noyabr ayında ailə həyatı qurub.

2020-ci ilin sentyabr ayında II Qarabağ müharibəsi başladığı zaman Qardaşxan Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən çağırılıb və döyüşə yola salınıb. Qardaşxanın döyüş yolu Füzulidən başlayıb. Daha sonra Ağdam, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Qardaşxan noyabr ayının 7-dən 8-nə keçən gecə Xocavənddə yerləşən Nərgiz təpə istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşüb. Bir müddət Qardaşxandan xəbər çıxmayıb.

Nəhayət, dekabr ayının 19-da Qardaşxanın şəhid olduğu bilinib və nəşi Bakı şəhərinə gətirilib, səhəri gün böyük izdihamla Binə qəsəbəsində yerləşən "Şəhidlər xiyabanı"da torpağa tapşırılıb. Şəhidimizdən Nişanə adında qız övladı xalqımıza yadigar qalıb.

Fərid Hüseynov


O, 1994-cü il iyunun 23-də Cəlilabad rayonunun Bəcrəvan kəndində anadan olub. Fərid doğma kəndindəki tam orta məktəbdə 11 il oxuyub. 

2012-ci ilin iyul ayında Fərid müddətli həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin Bakıda yerləşən “N” saylı hərbi hissəsində, Hərbi Dəniz Qüvvələrinin tərkibində xidmət keçib. Hərbi xidmət borcunu vicdanla yerinə yetirərək 2014-cü ilin yanvar ayında ehtiyata buraxılıb.

2020-ci ilin sentyabr ayının 27-də başlayan Vətən Müharibəsində vuruşub. Fərid noyabrın 7-də Şuşanın yaxınlığında düşmənin artilleriyasının atəşi nəticəsində mərmi qəlpələrindən ağır yaralanaraq şəhid olub.

Şəhid hərbi qulluqçu 11 noyabr 2020-ci ildə Bəcrəvan kəndinin qəbiristanlığında dəfn olunub. 

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Fərid Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və “İgidliyə görə” medalları ilə təltif edilib.

Ailəli idi, şəhid olduqdan sonra ilk övladı dünyaya gəlib.

Körpəyə atasının vəsiyyətinə uyğun olaraq Əbəlfəz adı qoyulub.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO