Son illər Azərbaycan dilinin qorunması, saflığının və leksik zənginliyinin saxlanılması məsələsi cəmiyyətdə, eləcə də elmi və siyasi çevrələrdə geniş müzakirə olunur. Dövlət səviyyəsində bu istiqamətdə müxtəlif addımlar atılsa da, dilin sürətlə dəyişən informasiya mühitində üzləşdiyi çağırışlar məsələnin aktuallığını daha da artırır.
Dil komissiyası ideyası yenidən gündəmdə
İllər əvvəl Milli Məclisdə Azərbaycan dili komissiyasının yaradılması ilə bağlı təkliflər irəli sürülmüşdü. O zaman bu ideya geniş rezonans doğurmuş, dilin inkişafına və istifadəsinə nəzarətin sistemləşdirilməsi baxımından mühüm təşəbbüs kimi qiymətləndirilmişdi. Lakin illər keçsə də, həmin təşəbbüslə bağlı konkret addım atılmayıb.
Bəs hazırda belə bir komitənin yaradılması gözlənilirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, “Azərbaycan dili komissiyası”nın yaradılması məsələsi dilin qarşılaşdığı problemlərin həllində mühüm vasitələrdən biri ola bilər:
“Ölkə başçısı Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı bir daha dili milli kimliyin əsas göstəricisi kimi qeyd edərək, dilimizin qorunmasının vacibliyinə diqqət çəkdi. Doğrudan da hazırkı mərhələdə Azərbaycan dili bir neçə istiqamətlər üzrə təzyiqlərə məruz qalır.
Əgər bu təzyiqlərin bir səbəbi müasir informasiya texnologiyaları və onların üzərindən gələn təsirlərdirsə, digər səbəbi film istehsalı vasitəsilə cəmiyyətə təqdim olunan və kütləvi dilə təsir göstərən elementlərdir. Amma hər bir təsir özünəməxsus formada dil üzərində təzyiq yaradır.
Sosial şəbəkələr dilin simvollaşmasını təmin edir, film sənayesi isə leksikanın formalaşmasına təsir göstərir. Başqa bir səbəb isə dil daşıyıcılarının leksik fondunun qarşılaşması ilə baş verir. Yəni danışıq dilində çox az sözlərdən istifadə etməklə leksik yaddaş qısaldılır. Bütün bunlar, əlbəttə ki, dilimiz üzərində problemlər yaradır”.
“Dil və onun istifadəsi kütləvi hadisədir”
Deputatın sözlərinə görə, Milli Məclisdə Azərbaycan dili komissiyasının yaradılması məsələsi sadəcə problemin həlli yollarından biri kimi dəyərləndirilə bilər:
“Çünki nəticə etibarilə dil və onun istifadəsi kütləvi hadisədir. Mənə elə gəlir ki, daha çox akademik çevrələr, kütləvi siyasi institutlar və media subyektləri bu xüsusda mühüm addımlar atmalıdırlar”.
Aygün Hüseyn, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:00 / 06.11.2025
Milli Məclisdə Azərbaycan dili komissiyası YARADILACAQ?
Hazırda oxunan: Milli Məclisdə Azərbaycan dili komissiyası YARADILACAQ?
Hazırda oxunan: Milli Məclisdə Azərbaycan dili komissiyası YARADILACAQ?
579241
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































