Aksiz dərəcələri ARTIRILIR – Bu avtomobillər BAHALAŞACAQ

Aksiz dərəcələri ARTIRILIR – Bu avtomobillər BAHALAŞACAQ

Hazırda oxunan: Aksiz dərəcələri ARTIRILIR – Bu avtomobillər BAHALAŞACAQ

578884

Xəbər verdiyimiz kimi, Vergi Məcəlləsinə yeni dəyişikliklər təklif olunub.

Həmin dəyişikliyə görə, 2026-cı ildən Azərbaycana idxal olunan və istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılacaq.

Mövcud dərəcələr:

Mövcud Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobilləri üçün aşağıdakı qaydada hesablanır:

Mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0,30 manat;

Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat;

Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat;

Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manat.

Mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə görə isə mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 15 manat;

Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 20600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 40 manat;

Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 60600 manat + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 80 manat aksiz dərəcəsi tətbiq edilir.

Hazırda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi yuxarıda qeyd edilən hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.

Hansı dəyişikliklər olacaq?

Layihəyə əsasən isə, 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.

Aksiz dərəcələrinin artırılması maşın bazarına necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, dəyişiklik qəbul ediləndən sonra ölkəyə gətirələcək köhnə avtomobillərin qiyməti avtomatik olaraq bahalaşacaq:

“Anoloji vəziyyət ölkə daxilindəki köhnə avtomobillərdə də özünü göstərəcək. Nəticədə ölkənin avtomobil bazarında müəyyən durğunluq yaranacaq. Buna o zaman normal yanaşmaq olar ki, heç olmasa, hibrit avtomobillərə güzəştlər edilsin”.

“Köhnə avtomobillərin qiyməti artacaq”.

İqtisadçı ekspert Fuad İbrahimov da qeyd edir ki, belə bir vəziyyətdə idxal tələblərinə cavab verən bütün avtomobillərin qiyməti aksiz dərəcəsinin artım səviyyəsinə uyğun şəkildə bahalaşacaq:

“Qonşu Gürcüstanın büdcə gəlirlərinin üçdə biri avtomobil sənayesi hesabına formalaşır. Ölkə gömrük rəsmiləşdirməsini aradan qaldırıb. Onun nəticəsidir ki, qonşu ölkələrin hamısı, hətta Orta Asiyadan belə əksəriyyət gəlib avtomobili Gürcüstandan alır. Belədə Gürcüstanda avtomobil ixracı üçün regional bazar formalaşıb”.

Həmsöhbətimizin fikrincə, alıcılıq qabiliyyətinin aşağı olması səbəbindən 7 ildən çox istehsal tarixi olan avtomobillərin idxalı da məhdudlaşacaq.

Amma ekspert düşünür ki, bunun müqabilində Çin bazarından gətirilən elektromobillərin idxalı artacaq.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO