Gələn ildən universitetlərin paytaxtdan köçürülməsinə BAŞLANILIR? – Deputatlardan TƏKLİF

Gələn ildən universitetlərin paytaxtdan köçürülməsinə BAŞLANILIR? – Deputatlardan TƏKLİF

Hazırda oxunan: Gələn ildən universitetlərin paytaxtdan köçürülməsinə BAŞLANILIR? – Deputatlardan TƏKLİF

578791

2026-cı ildən etibarən bəzi universitetlərin paytaxtdan köçürüləcəyi ilə bağlı iddialar gündəmdədir. Məsələ ictimaiyyətdə böyük maraqla qarşılanıb.

Bəs doğrudanmı belə bir prosesə start veriləcək? Əgər verilərsə, ilk mərhələdə hansı universitetlər köçürülə bilər?

Mövzu ilə bağlı Bizim.Media Milli Məclisin deputatlarının fikirlərini öyrənib.

Deputat Ceyhun Məmmədov bildirib ki, ilk növbədə bölgələrdə təhsil imkanlarının artırılması vacibdir:

“Bölgələrimizdə qəbul sayının artırılması ilə bağlı ciddi düşünmək lazımdır. Yeni universitetlərin yaradılması növbəti mərhələdə planlaşdırılmalıdır. Məsələn, Qarabağ Universiteti yaradılandan sonra orada böyük layihələr həyata keçirilir. Hesab edirəm ki, digər bölgələrdə də oxşar addımlar atılmalıdır.

Universitetlərin köçürülməsi məsələsinə gəlincə, bir-birini təkrarlayan  ixtisaslar üzrə məzun buraxan ali məktəblərin bölgələrə köçürülməsi barədə düşünmək olar. Xüsusilə aqrar və mühəndislik sahəsində fəaliyyət göstərən universitetlər üçün bu daha məqsədəuyğun olardı”, - deyə millət vəkili bildirib.

Məsələyə münasibət bildirən deputat Hikmət Babaoğlu isə qeyd edib ki, hələlik bu istiqamətdə real addımlar atılmasa da, belə qərarın qəbul edilməsi zəruridir

“Universitetlərin paytaxtdan köçürülməsi yalnız nəqliyyat sıxlığının azaldılması ilə bağlı məsələ deyil. Beynəlxalq təcrübədə ali təhsil müəssisələrinin reytinqlərində onların tədris korpusları və yataqxana kompleksləri mühüm rol oynayır.

Düşünürəm ki, ali təhsil müəssisələrinin çoxunun paytaxtda fəaliyyət göstərməsi düzgün deyil. Artıq Bakıdan kənarda uğurla fəaliyyət göstərən universitetlər var. Məsələn, Qarabağ Universiteti və digər şəhərlərdə fəaliyyət göstərən ali təhsil müəssisələri bunun bariz nümunəsidir”.

Milli məclisin deputatı Vüqar İskəndərov da sözügedən məsələ ilə bağlı bir sıra fikirlər irəli sürüb. Deputat bildirib ki, bu proses zaman-zaman baş verəcək:

“Universitetlər Sovet ittifaqı dövründən mərkəzdə yerləşib. Onların bir çoxu artıq yeni standartlarda öz böyük ərazisi, şəhərciyi ilə təmin edilməlidir. Bu həm şəhərdə sıxlığa, həm tələbələrin daha operativ təhsilə cəlb olunmalarına şərait yaradır. Bu mənada dövlət müəyyən addımlar atmağa başlayıb. Bu məsələrin hər biri bizim təhsilimizə dəstəyini verəcək.

Artıq biz ADA universitetinin İtaliya universiteti ilə birgə layihəsinin, mərkəzinin açılışının şahidi olduq. Şəkidə, Qazaxda və Gəncədə İtaliya universiteti ilə birgə yeni ixtisasların açılması müasir şəraitin yaranmasını təmin edir. Bunların hər biri bizim təhsilimizə öz dəstəyini verəcək”.

Aygün Hüseyn, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO