Biləsuvar rayonunda pambıq sahəsində yanğın hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Biləsuvar şəhəri ərazisində mülkiyyətçi Oktay Aslanova məxsus 3 hektarlıq pambıq sahəsində qeydə alınıb.
İlkin ehtimala görə, yanğın yüksək gərginlikli elektrik hava xəttinin sahə üzərindən aşağı səviyyədə keçməsi nəticəsində yaranıb.
Mexanizator Murad Muradov bildirib ki, 10 000 kV-luq elektrik xəttin aşağı hissəsindən keçərkən qığılcım kombaynın bunkerində toplanan pambığı alışdırıb:
“Sahənin təxminən 2 hektarında pambıq yığmışdım. Elektrik xəttinin aşağı hissəsindən keçərkən qığılcımdan bunkerdəki pambıq qəflətən alışdı.
Dərhal kombaynı kənara çəkib pambığı yerə boşaltdım ki, yanğın texnikaya keçməsin. Bunkerdə qalan pambığı isə əllə çıxardım.”
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub. Onlar kombaynın boşaltdığı pambıq tayasında yaranan yanğını qısa müddətdə söndürüblər.
Qeyd edək ki, həmin ərazidəki mülkiyyətçilər uzun müddət elektrik xətlərinin aşağı keçməsi ilə bağlı təhlükədən narahat olduqlarını və müvafiq qurumlara dəfələrlə müraciət etdiklərini bildiriblər, lakin hələ nəticə əldə olunmayıb.

Bizim.Media




























































































