Tarixi Zəfərimizin 5 illiyi ərəfəsində Qusarda xüsusi önəm daşıyan bir tədbir baş tutub.
Bizim.Media xəbər verir ki, rayonun ictimai həyatında fəal iştirak edən qadınların bir qrupu – şəhid anaları, şəhid xanımları və fəal qadınlar “Ağlama, qərənfil” devizi altında bir araya gəliblər.
Qusar şəhərindəki istirahət mərkəzlərindən birində təşkil olunan tədbir açıq havada 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra matəm rəmzinə çevrilmiş qərənfil gülünə həsr olunmuş aksiya ilə başlayıb.
Şəhid anaları və xanımları “Sən hüzndən çıxmalısan, qərənfil – artıq yetər!” sözləri ilə çıxış edərək, xalqın qalib ruhunu əks etdirən mesaj səsləndiriblər.
Rəsmi hissədə əvvəlcə bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qərənfil ideyasının təşəbbüskarı, YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova çıxışında Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun salamlarını tədbir iştirakçılarına çatdırıb.
O, Vətən Müharibəsində qazanılmış şanlı Zəfərdən, igid oğullarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qədim Qarabağ torpaqlarını azad etməsindən danışaraq bildirib ki, “Biz artıq qalib ölkənin qalib vətəndaşlarıyıq və uzun illərdir üzərimizə çökmüş matəm ab-havasından çıxmağın zamanı çatıb.”
Neva Abdurahmanova vurğulayıb ki, 20 Yanvar faciəsindən sonra matəm rəmzinə çevrilən qərənfil gülü artıq hüzn yox, dirçəliş və qürur simvoluna çevrilməlidir.
Tədbirdə iştirak edən Aytəkin Alxaslı maraqlı bir təkliflə çıxış edib – o, qaboy alətinə əvvəlki adının qaytarılmasını təklif edib. 20 Yanvar hadisələri zamanı ağlayan qərənfillərin səsi ilə səslənən qəmli qaboy musiqisinin o vaxt matəmin simvoluna çevrildiyini qeyd edən Aytəkin Alxaslı bildirib ki, “artıq qərənfil və qaboyun şad məclislərdə, sevinc dolu tədbirlərdə sintez edilərək səsləndirilməsinin vaxtı yetişib.”
Tədbirdə həmçinin şəhid ailələrinin nümayəndələri də çıxış ediblər. Vətən Müharibəsi şəhidi Sənan Zamanovun anası Şəkifə Zamanova, həyat yoldaşı Şəbnəm Zamanova, şəhid Tural Əhmədovun anası Elza Əhmədova, antiterror əməliyyatı şəhidi Şair Heydərovun həyat yoldaşı Zöhrə Heydərova, eləcə də Qusar Bələdiyyəsinin sədr müavini Zalikə Qayıbxanova və digər qadınlar çıxışlarında şəhidlərin qəhrəmanlığından, Azərbaycanın qazandığı tarixi zəfərdən danışıblar.
Şəhid Tural Əhmədovun anası Elza Əhmədova tədbirdə oğluna həsr etdiyi şeiri səsləndirərək duyğulu anlar yaşadıb.
Tədbir hərbi-vətənpərvərlik ruhunda mahnıların ifası ilə yekunlaşıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu































































































