Xəbər verdiyimiz kimi Almaniyada quş qripinin (H5N1) sürətlə yayılması ciddi narahatlıq yaradıb. Bununla əlaqədar olaraq ölkə üzrə təxminən 400 min toyuq, qaz, ördək və s. məhv edilib.
 
Narahatlığın əsas səbəbi həm də odur ki, ilk dəfə olaraq vəhşi quşların da virusa yoluxduğu bildirilir. Əsas daşıyıcısının durnalar olduğu qeyd edilib.
Rəsmilər epidemiya nəzarət altına alınana qədər sərt baytarlıq və biotəhlükəsizlik tədbirlərinin davam etdiriləcəyini açıqlayıblar.
Bu dəfə bəla durnalardan gəlir...
Bu dəfə daşıyıcı vəhşi quşlar olduğuna görə onun yayılma təhlükəsi də qaçılmazdır.
Belə olduqda onsuz da heyvan ətinə tamarzı qalmış əhali bir də quş ətinə həsrət qalacaq
Təhlükə ilə bağlı quş ətinin satışına məhdudiyyət qoyula bilərmi?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə,  təkcə Almaniyada deyil, dünyanın bir çox ölkəsində belə bir təhlükə var.
Amma Azərbaycanda epizootik vəziyyət nəzarət altında saxlanılır:
“Azərbaycan quş qripindən azad zona statusu alıb: bununla bağlı bizim sertifikatımız var.
Bu da bizə imkan verir ki, Çin, Körfəz ölkələri bazarına məhsul ixrac edək. Azərbaycan həmçinin, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının üzvüdür.
Almaniyada quş qripi varsa onunla bağlı bizə məlumat gəlir və dərhal da Agentlik tədbirlər görür:
Gömrük Komitəsinə müraciət olunur, onlar da müvafiq tədbirlər tətbiq edirrlər. Hazırda ölkə daxilində heç bir problem yoxdur”.
Şəfiqə Şəfa, Bizim.Media
 
					






























































































