Yanvarın 29-da Bakı Gənclər Mərkəzində “Zəfər Təntənəsi” təşkilatının təşkilatçılığı ilə "Şuşa İli"nə həsr olunmuş “Şuşa - Tariximizin dirçələn dəyəri!” adlı tədbir keçirilib.
Bizim.Media xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəman hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Şuşa” milli mükafatının təqdimat mərasimi olub. Qazilər, Milli Məclisin deputatları, media nümayəndələri və fəaliyyəti ilə seçilən digər şəxslər mükafatlandırılıblar.
“Şuşa” milli mükafatına layiq görülənlər ölüm-dirim savaşı günlərində xalqımızın həmrəyliyindən, rəşadətli Azərbaycan Ordusunun 44 gün ərzində öz canı, qanı bahasına qarış-qarış qazandığı Qələbədən, Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandanın müxtəlif cəbhələrdə mübarizəsindən, təzyiqlərə rəğmən göstərdiyi müdriklik, qətiyyət və sarsılmaz iradədən, o cümlədən dünyanı heyrətə salan Şuşa döyüşlərindən bəhs edib, hazırda Şuşanın əsl tarixi simasının bərpası istiqamətində görülən işlərdən danışıblar.
Təltif olunanlar Şuşaya ayaq basarkən hiss etdikləri duyğuları, keçirdikləri qürur hissini şəhid və qazilərimizə borclu olduqlarını vurğulayıblar, 44 günün qəhrəmanlarına ömür boyu minnətdar olacaqlarını ifadə ediblər.
Bizim.Media