Moderator.az xəbər verir ki, Bakının Novxanı çimərliyi yaxınlığında inşa edilən yeni otel ərazidəki məcbur köçkün düşərgəsində və bağ masivində məskunlaşan şəxsləri təşvişə salıb. Vətəndaşların təşvişinə səbəb isə çoxmərtəbəli otel inşası nəticəsində magistral yolun qəzalı vəziyyətə salınmasıdır. Belə ki, otelin yuxarı giriş qapısının önündən keçən asfalt yolun alt hissəsi təxminən 30-40 metr dərinliyində düz xətt boyu qazıldığndan magistral yolun hər an uçmaq təhlükəsi var. Bu isə əsas yol kimi buradan istifadə edən insanların həyatı üçün real təhlükə deməkdir.
Vətəndaşları
narazı salan digər bir amil isə aylardır ki, davam edən tikinti əsnasında heç
bir təhlükəsizlik tədbirinin görülməməsidir. Belə ki, ağır texnikanın qazaraq
süni uçurum yaratdığı yolun təhlükəli hissəsində heç bir təhlükəsizlik tədbiri
görülmədiyi üçün sözügedən yol azyaşlı məktəblilər üçün xüsusilə təhdid mənbəyinə
çevrilməkdədir. Vətəndaşlar hesab edir ki, otel rəhbərliyi heç deyilsə
insanların təhlükəsizliyi naminə Sirat körpüsünə çevirdiyi yolun uçurum olan
hissəsini hasarlamalı, tikinti təhlükəsizliyi qaydalarına əməl etməlidir.

































































































