Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində fəaliyyət göstərən 157 və 158 saylı marşrut xətlərinə yeni aztutumlu avtobusların buraxılması sakinlər arasında narazılığa səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-a şikayət edən sakinlərin sözlərinə görə, əvvəllər bu marşrutlarda "İveco" markalı avtobuslar xidmət göstərirdi.
"O avtobuslar köhnə olsa da, böyük idi, sərnişinlərin rahat gedib-gəlməsi üçün minimum şərtləri təmin edirdi, daha çox sərnişini eyni vaxtda daşıyırdı", - deyə qəsəbə sakinlərindən biri bildirib:
"Lakin indi marşrutlarda xidmət göstərən "QAZel" markalı mikroavtobuslar intensiv sərnişin daşımalarına uyğun deyil. Bu avtobuslar kiçikdir, çox sayda sərnişini daşıya bilmir. Hər gün işə və məktəbə gedib-gəlmək üçün çətinlik çəkirik".
Sakinlər həmçinin marşrut sahiblərinin dəyişməsinə də etiraz edirlər. Onlar hesab edirlər ki, avtobusların və marşrut sahiblərinin dəyişməsində əsas məqsəd marşrut xətlərini ələ keçirmək idi. Əks halda başqa marşrut xətlərinə buraxılan iritutumlu və rahat avtobuslar Sulutəpə sakinlərinin istifadəsinə verilərdi. Məsələn, bu ilin may ayından xəttə buraxılan 158 saylı marşruta buraxılan "QAZel"lərdə kondisioner olmadığı üçün sərnişinlər və sürücülər yayın istisində əziyyət çəkiblər. Sürücülərin sözlərinə görə, bir-neçə avtobusa soyutma avadanlığı quraşdırılsa da, lazımi effekt alınmayıb.
Sakinlər isə problemə həll tapılmasını və əvvəlki "İveco" avtobuslarının geri qaytarılmasını tələb edirlər.
Sual yaranır: "İveco" avtobuslarının "QAZel" markalı mikroavtobuslarla əvəz edilməsinin səbəbi nədir? AYNA (Avtomobil Yolları və Nəqliyyat Agentliyi) sərnişin daşımalarına uyğunluq baxımından yeni avtobusların standartlara uyğunluğunu yoxlayıbmı?
Bu məsələnin həlli həm sakinlərinin gündəlik həyatına birbaşa təsir göstərir. Maraqlıdır ki, avtobusların sərnişindaşımaya uyğunluğu yoxlanmadan buraxılması nə qədər standartlara cavab verir və marşrut xətlərində dəyişikliklərin motivi nədir?
AYNA-nın mətbuat katibi Tural Orucov açıqlamasında bildirib ki, sərnişindaşımada xidmət keyfiyyətinin artırılması məqsədilə mütəmadi olaraq marşrutlar üzrə monitorinqlər həyata keçirirlər:
"Monitorinq zamanı fəaliyyətində nöqsan aşkar edilmiş daşıyıcıların müvəqqəti istismarında olan müntəzəm marşrut xətləri mərhələli şəkildə müsabiqəyə çıxarılır. Müsabiqə nəticəsində həm dövlət, həm də özəl daşıyıcılar tərəfindən yeni alınan avtobuslar həmin marşrutlar üzrə istismara buraxılır".
Onun sözlərinə görə, AYNA tərəfindən daşıyıcılara marşrut xətti üzrə avtobusların sayının artırılması və ya mərhələli qaydada iritutumlu avtobuslarla əvəz edilməsi ilə bağlı tapşırıq verilib.
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksini Sulutəpə qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli marşrut xətti müsabiqəyə çıxarılıb və marşrut xəttinə sentyabr ayından etibarən yeni avtobuslar cəlb edilib. Xocəsən qəsəbəsini "Memar Əcəmi" metrostansiyası ilə əlaqələndirən 158 nömrəli marşrut xətti isə bu ilin fevral ayında müsabiqəyə çıxarılıb və mayın 1-dən xətt üzrə yeni avtobuslar fəaliyyətə başlayıb.
Bizim.Media