Azərbaycanın siyasi səhnəsində bir dövr vardı ki, müxalifəti meydanlardan, onlara bağlı olan medianı isə siyasi mübarizə əlaətinə çevrilməkdən uzaq tutmaq olmurdu.
Həmin dövrdə ildə bir neçə dəfə, bəzənsə hər ay mitinqlər və digər kütləvi aksiyalar keçirilirdi.
Bu aksiyaların bəziləri razılaşdırılmamış şəkildə, polislə açıq qarşıdurma formasında təşkil olunurdu.
Bu dövrün arxitekturasını quranlardan biri – bəlkə də birincisi – Ramiz Mehdiyev idi. Amma o bu işlərdə tək deyildi. Ona bu işlərdə siyasi və ictimai proseslərə birbaşa müdaxilə etmək imkanı olan, mühüm dövlət postunu tutuan Əli Həsənov köməklik edirdi.
Bizim.Media “Sfera.az”a istinadən xəbər verir ki, R.Mehdiyev təkcə Prezident Administrasiyasının (PA) rəhbəri, Ə.Həsənov isə PA-nın şöbə müdiri kimi xatirələrdə qalmadılar.
Onlar həm də siyasi gərginliyin memarları və idarəçiləri kimi yadda qaldılar.
1995-2019-cu illərdə ölkəmizdə yaradılan süni gərginliyin baş memarı əlbəttə ki, R.Mehdiyev olub.
Mehdiyev həmin illərdə Prezident Administrasiyasına rəhbərlik edib. Maraqlıdır ki, Həsənov da eyni dövrdə PA-nın şöbə müdiri vəzifəsində çalışıb.
Mehdiyevin çalışdığı illər Azərbaycanın müstəqillik tarixində ən uzunmüddətli administrativ rəhbərlik dövrü kimi də yadda qalıb. Bu illərdə iqtidar-müxalifət münasibətləri heç vaxt sabit və konstruktiv olmadı. Əksinə, gərginlik, qarşıdurma, radikallaşma və qütbləşmə siyasi gündəmin daimi fonu idi.
Bunu statistika da təsdiqləyir. 2005–2019-cu illər arasında radikal müxalifət partiyaları 60-dan çox mitinq cəhdi edib. Bu dövrdə müxalifətə qarşı 100-dən çox inzibati və cinayət işi açılıb, media monitorinqlərinə əsasən, həmin illərdə müxalifət liderlərinin adı gündəlik xəbər axınının 30%-dən çoxunu təşkil edib ki, bu da onların real təsirindən qat-qat artıq idi.
Bu rəqəmlər göstərir ki, müxalifət süni şəkildə “alternativ güc mərkəzi” kimi təqdim olunurdu.
Mehdiyev bu mexanizmi ustalıqla qurmuşdu və bununla balans yaratmaq adı altında balansı pozurdu.
Ramiz Mehdiyevin siyasi texnologiyası sadə, amma təsiri güclü idi:
“Əgər biz olmasaq, bu müxalifət hakimiyyəti ələ keçirər” tezisi ilə özünə olan ehtiyacı labüd edirdi. Bu tezis onun sistemdəki mövqeyini qorumaq üçün istifadə etdiyi əsas arqument idi.
Müxalifət radikallaşdırılır, sonra isə bu radikallıq iqtidara qarşı təhlükə kimi təqdim edilirdi.
Beləliklə, Mehdiyev özünü “sabitliyin zəmanəti” kimi göstərirdi.
Mehdiyev və onun əsas silahdaşı olan Həsənov dövlətin içində gizlincə formalaşdırılmış və “beşinci kolon” kimi fəaliyyət göstərən siyasi şəbəkənin başında dayanmışdı. Oların məqsədi sabitliyi pozmaq, narazılıq illüziyası yaratmaq və bunun fonunda öz mövqeyini möhkəmləndirmək idi.
Müxalifətin Mehdiyevə münasibəti - Statlar
Mehdiyev qruplaşmasının yaratdığı imkanlardan müxalifət düşərgəsi də məmnun idi və buna görə də onlar Mehdiyev faktorunu yüksək qiymətləndirirdilər. Bunu həmin dövrlərdə müxalif şəxslərin Ramiz Mehdiyevlə bağlı səsləndirdiyi fikirlər də təsdiqləyir.
Məsələn, AXCP sədri Əli Kərimli 2000-ci illərin əvvəllərində verdiyi bir müsahibədə qeyd edirdi ki, Ramiz Mehdiyev “hakimiyyət daxilində ideoloji düşüncə qabiliyyətinə malik nadir fiqurlardandır” və “onun elmi məqalələrində ideoloji baxımdan sistemli yanaşma hiss olunur”.
Müsavat Partiyasının lideri İsa Qəmbər isə 2005-ci ildə “Monitor” jurnalına müsahibəsində Ramiz Mehdiyevin “dövlət ideologiyası üzərində çalışan və bu sahədə mütaliəsi olan şəxs” olduğunu qeyd etmişdi.
Azərbaycan Milli İstiqlal Partiyasının keçmiş sədri Etibar Məmmədov 2004-cü ildə verdiyi müsahibəsində Ramiz Mehdiyevin iqtidar daxilindəki “önəmini” vurğulamışdı. Həmin müsahibədə E.Məmmədov Mehdiyev haqqında “Ramiz Mehdiyev dövlət idarəçiliyində uzun illərin təcrübəsinə malikdir. Onunla razılaşmadığımız məqamlar çox olub, amma sistemin içində sabitliyi qorumağa çalışdığı da faktdır” fikrini qeyd etmişdi.
Digər radikal düşüncəli bir insan Leyla Yunus bir müsahibəsində Ramiz Mehdiyevi “hakimiyyətin ideoloji sütunu” adlandıraraq demişdi: “O, ideoloji baxımdan sistemlidir, amma bu sistem köhnə sovet modelinə əsaslanır”. Bu, tənqidi mövqe kimi görünsə də əslində deyilənlər Mehdiyevin önəminə vurğu idi.
Ümid Partiyasının sədri İqbal Ağazadə 2008-ci ildə verdiyi müsahibələrinin birində Mehdiyev haqqında “O, Azərbaycan siyasi sistemində uzun illər çalışmış, dövlət idarəçiliyində təcrübəli bir şəxsdir. Onunla bağlı tənqidlər olsa da, dövlətçilik baxımından müəyyən prinsiplərə sadiq qaldığını demək olar” ifadəsini işlətmişdi.
İqtidarı kəskin tənqid edən siyasətçilərdən Zərdüşt Əlizadə də 2010-cu ildəki çıxışlarının birində Ramiz Mehdiyev haqqında “intellektual səviyyəsi ilə fərqlənən məmur” ifadəsini işlədərək fikirlərini “Onun ideoloji yazıları sovet məktəbinin təsirini daşısa da, sistemli düşüncə qabiliyyəti var” şəklində davam etdirmişdi.
Süni gərginlik dövrünün bitməsi
Bu statlar radikal müxalifət üçün Mehdiyevlə “işləməyin” əlverişli olduğunu göstərir. Məhz buna görə ki, radikallar bir çox hallarda Mehdiyevin tövsiyələrini də nəzərə alırdılar.
Mehdiyev dövründə siyasi müxalifətin leksikonunun dəyişməsi də həmin tövsiyələrdəndir. Xaricdəki blogerlər, “söyüş terminatorları” adlandırılan şəxslər müxalifətin yeni simasına çevrildi. Bu, təkcə etik deyil, həm də ideoloji deqradasiya idi. Siyasi mübarizə təhqirə, debatlar isə söyüşə çevrildi. Bu dilin yayılması Mehdiyevin, Həsənovun himayəsində olan media və sosial platformalar vasitəsilə baş verdi.
Qeyd edilən münasibətlər və əməkdaşlıq sisteminin qurulmasında, işləməsində Əli Həsənovun da rolu danılmazdır. 1995–2019-cu illər arasında baş verən iqtidar–müxalifət dialoqu, daha çox gərginlik, qarşıdurma və süni balansla xarakterizə olunurdu. Bu dövrün əsas simalarından biri Ə.Həsənov idi. O, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri, daha sonra Prezidentin köməkçisi vəzifələrini tutmuşdu. Onun siyasi strategiyası, görünməyən, amma hiss edilən gərginliyin rejissorlarından biri kimi yadda qaldı.
Ə.Həsənovun vəzifədə olduğu illər müxalifətlə münasibətlərin formal dialoq, ideoloji qarşıdurma və süni balans çərçivəsində tənzimləndiyi bir dövr idi. Həsənovun siyasi strategiyası müxalifəti sistemdən kənarda saxlamaqla yanaşı, ictimai rəyin formalaşdırılmasında da mühüm rol oynadı. Bu dövr, Azərbaycan siyasi tarixində gərginliyin idarəetmə alətinə çevrildiyi bir mərhələ kimi yadda qaldı.
Sonuncu və uğursuz cəhd...
Mehdiyev vəzifədə qala bilməsi üçün sonuncu dəfə 2019-cu ilin oktyabrında radikal müxalifətin "gücündən" istifadə etmək istədi. Həmin ilin oktyabrın 19-da özünü "milli şura" adlandıran müxalif kəsim Bakıda razılaşdırılmamış aksiya kecirməyə cəhd etdi. Müxalifət öz yiyələrinin tapşırığını canla-başla yerinə yetirirdi. Ramizin vəzifədən getməməsi üçün ən son güllələrindən istifadə edirdilər.
Amma üç gün sonra, 23 oktyabr 2019-cu ildə Ramız Mehdiyev tutduğu vəzifədən kənarlaşdırılıb sovet "kqb"sinin "arxa bağç"ası sayılan Elmlər Akademiyasına göndərildi.
Bu o vaxt idi ki, Azərbaycan Vətən müharibəsinə hazırlaşırdı. İlham Əliyev komandada təmizləmə prosesinə artıq başmışdı.
Mehdiyev və Həsənov 2019-cu ildə Prezident Administrasiyasından uzaqlaşdırıldıqdan sonra radikal müxalifətin mitinq cəhdləri demək olar ki, dayandı. Bu, həmin dövrdəki gərginliyin süni və idarə olunan olduğunu sübut edən ən güclü faktordur.
Aparılan monitoqrinqlər göstərir ki, 2020–2024-cü illərdə müxalifət mitinqlərinin sayı 5 dəfə, radikal çağırışlar 70% azalıb və ən önəmlisi iqtidar–müxalifət dialoqunda ilk dəfə konstruktivlik müşahidə olunmağa başlayıb.
Qeyd edilənləri ümumiləşdirsək R.Mehdiyev Azərbaycan siyasi tarixində bir dövrün– gərginliyin, balanssızlığın, süni qarşıdurmanın simvoludur. Onun qurduğu sistem sabitlik görüntüsü altında sabitsizlik toxumu səpirdi. Bu gün həmin toxumların cücərmədiyi bir siyasi mühit formalaşır. Və bu, Mehdiyev dövrünün sonu, yeni siyasi mədəniyyətin başlanğıcıdır.
Bizim.Media