Audiovizual Şura "Banu" proqramına görə "Space TV"yə XƏBƏRDARLIQ ETDİ

Audiovizual Şura "Banu" proqramına görə "Space TV"yə XƏBƏRDARLIQ ETDİ

Hazırda oxunan: Audiovizual Şura "Banu" proqramına görə "Space TV"yə XƏBƏRDARLIQ ETDİ

576406

Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda 2025-ci il oktyabrın 8-də, saat 22.06-23.09 arası "Space TV" kanalının efirində yayımlanan "Banu" proqramında bölgələrin birində keçirilmiş qohum evliliyinə dair toy şənliyinin nümayişi müzakirə olunub.

Bu barədə Bizim.Media-ya Audiovizual Şuradan məlumat verilib.

Müzakirələr zamanı proqramın həmin buraxılışı ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, ailə rifahının və sosial dəyərlərin qorunması istiqamətində aparılan hüquqi islahatların mühüm nəticələrindən biri kimi 1 iyul 2025-ci il tarixindən qüvvəyə minmiş "Azərbaycan Respublikasının Ailə Məcəlləsinə" edilmiş qohumlar arasında evliliyin qadağan olunması ilə bağlı müvafiq dəyişikliklliklər prizmasından qiymətləndirilib: "Hazırda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12.0.2-1-ci maddəsinə görə qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları arasında nikahın bağlanmasına yol verilmir.

Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən yaxın qohumlar arasında baş tutan toy məclisinin "Space TV" kanalında nümayişi faktı müəyyən olunub. Daha sonra məsələnin ətraflı araşdırılması məqsədilə kanala sorğu ünvanlanıb.
 

Sorğuya verilən rəsmi cavaba əsasən süjetdə göstərilən toy şənliyi qanunvericilik dəyişikliklərinin qüvvəyə minməsindən xeyli əvvəl (rəsmi nikah 06 mart 2025-ci il tarixdə qeydə alınıb) baş tutub. Lakin bir neçə ay əvvəl lentə alınmış toy şənliyi televiziya kanalının mütəxəssislərinin texniki nöqsanı səbəbindən efirə oktyabr ayında verilib.


İclas zamanı məsələ diqqətlə müzakirə edilib və proqramın 08 oktyabr 2025-ci il tarixli buraxılışında yuxarıda qeyd olunan yeni qanunvericilik tələblərinin pozuntusunun baş verdiyi qənaətinə gəlinib, bu hal redaksiya nəzarətinin qeyri-qənaətbəxş olmasının təzahürü hesab edilib. Sonda, yayımçıya göndərilmiş sorğuya cavabda pozuntunun etiraf edilməsi və nöqsan buraxmış əməkdaşla bağlı zəruri tədbirlərin görülməsi nəzərə alınaraq Audiovizual Şuranın üzvləri "Space TV" kanalına yalnız xəbərdarlıq edilməsi barədə razılığa gəliblər.

Audiovizual Şura bütün yayımçılardan proqramlarda qanunvericiliyin tələblərinə riayət olunmasını tələb edir, monitorinq və nəzarət tədbirlərinin davam edəcəyini bildirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO