Astarada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 19 yaşlı sürücü xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə gecə saatlarında rayonun Təngərüd kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Tahin Ramin oğlu Dadaşov idarə etdiyi “Azsamand” markalı avtomobilin idarəetməsini itirərək yol kənarındakı dirəyə çırpılıb.
Qəza nəticəsində ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib. Həkimlər ona sol çiyin qurşağının küt travması və bədəndə çoxsaylı sıyrıntılar diaqnozu qoyublar. Hazırda onun müalicəsi davam edir.
Sürücünün sözlərinə görə, qəza digər avtomobilin onu ötmə əməliyyatı zamanı sıxışdırması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu