Həyat xilas etmək QANUNİ, həyat bəxş etmək QANUNSUZ – Donorluq olar, amma surroqatlıq yox?

Həyat xilas etmək QANUNİ, həyat bəxş etmək QANUNSUZ – Donorluq olar, amma surroqatlıq yox?

Hazırda oxunan: Həyat xilas etmək QANUNİ, həyat bəxş etmək QANUNSUZ – Donorluq olar, amma surroqatlıq yox?

576271

Azərbaycanda bəzən paradoksal qərarlarla rastlaşırıq. Məsələn, bir tərəfdə insan həyatını xilas edən orqan donorluğu qanunidirsə, digər tərəfdə uşaq sahibi olmaq istəyən ailələri arzusuna çatdıra biləcək surroqat analıq qadağandır. Bu vəziyyət suallar doğurur: niyə bir insanın orqanını başqasına verməsi mümkündür, amma qadının bətnini başqasına müvəqqəti icarəyə verməsi yox?

Bu da bir növ donorluqdur. Orqan donorluğu ilə də bir insana yenidən həyat verilir, surroqat analıqla da bir ailəyə yeni həyat bəxş olunur. Kommersiya xarakterli olmasından əgər ehtiyat edilirsə, hər halda heç kim böyrəyini, qaraciyərini, sümük iliyini yaxud başqa orqanlarını havayı kiməsə hədiyyə etməz. Yəni donorlar da işin qarşılığında pul alırlar.  

Ümumiyyətlə surroqat analıq nədir, əvvəlcə onu aydınlaşdıraq: Həkim-ginekoloq Yeganə Baxşıyeva Bizim.Media-ya surroqat analıqla bağlı açıqlama verərək bildirdi ki,  hamilə qala bilməyən, lakin hələ də yumurtalıqları aktiv olan qadının embrionlarını laborator üsulda həyat yoldaşı vasitəsilə mayalandırıb sağlam, gənc surroqat ananın bətninə yerləşdirirlər: 

“Əslində doğulacaq uşaq tam olaraq “sifarişçi ana”nın deyil. Hər nə qədər onun yumurtalarından götürülsə də, surroqat ananın qanı ilə qidalanır. Üstəlik psixoloji bağlılıq da var, döl bətnində olan anaya bağlanır. Ona görə də bəzən elə də ola bilər ki, “kirayə ana” əvvəlcə soyuqqanlılıqla uşağı ailəyə təhvil verəcəyini razılaşdırsa da, sonradan analıq hissi güc gələ bilər və uşağı vermək istəməz”.

“Donor” deyiləndə qəhrəman, “surroqat ana” deyiləndə isə cinayətkar

Lakin Azərbaycan qanunvericiliyi surroqat analığa icazə vermir. Bir neçə il öncə “Reproduktiv sağlamlıq haqqında” Qanun müzakirə olunan zaman süni mayalanma və surroqat ana ilə bağlı bəndlər qəbul olunmadı. Millət vəkili Əhliman Əmiraslanov bildirmişdi ki, “Cəmiyyətin həssaslığı və mövcud fikirləri nəzərə alaraq həm sperma donorluğu, həm də surroqat analıq qəbul olunmur. Nə vaxtsa gələcəkdə bizim cəmiyyət buna hazır olanda bu məsələyə bir daha qayıtmaq olar”.
 

Məlumat üçün bildirək ki, Azərbaycandan başqa Avstriya, Fransa, Almaniya, Norveç və İsveçdə, o cümlədən, ABŞ-ın bəzi ştatlarında (Arizona, Miçiqan, Nyu-Cersi və s.) surroqat analıq qanunla qadağan edilib. Rusiya, Türkiyə, Gürcüstan, Hindistan, Qazaxıstan, Ukraynada həm tibbi, həm də kommersiya məqsədilə istifadəsinə icazə verilib.


Elə bu səbəbdəndir ki, surroqat analıqdan faydalanmaq istəyənlər razılığa gəldikləri qadınları qeyri-leqal yolla başqa ölkələrə cəlb edirlər. Belə ki bu günlərdə Azərbaycanda fəaliyyət göstərən mütəşəkkil dəstə sosial şəbəkələrdə anonim elanlar yerləşdirib.

Bizim.Media-nın Minval Politika-ya istinadən verdiyi məlumata görə, qadınlara 18 min dollara surroqat analığı təklif edirlər. Elanda şərtlər qeyd olunub, təfərrüat izah olunur. Yəni bu vəziyyət daha təhlükəlidir, nəinki müasir tibbin verdiyi bir imkandan qanunən yararlanmaq. Əgər məqsəd bir ailəni xoşbəxt etməkdirsə və bütün tərəflər könüllü razılıq verirsə, dövlətin bu prosesi tənzimləməsi və təhlükəsiz şəkildə icazə verməsi daha doğru olmazmı? Orqan donorluğu da əvvəllər tabu mövzusu idi. Amma zamanla maarifləndirmə və hüquqi çərçivələr nəticəsində bu sahədə irəliləyişlər oldu.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO