Bakının Qaradağ rayonunda 1986-cı il təvəllüdlü Hüseyn Şirinov xalası oğlu Nail Həsənovu qətlə yetirib.
Bizim.Media xəbər verir ki, hadisə aprelin 7-də saat 20 radələrində Sahil qəsəbəsinin ərazisində qeydə alınıb.
Həmin gün saat 15 radələrində Cəlilabad rayon sakini H.Şirinovla 1998-ci il təvəllüdlü xalası oğlu Nail Həsənov arasında telefon danışığı zamanı mübahisə yaranıb.
Hüseyn işdən çıxarılmasına görə xalası oğlunu günahkar bilib, onun şirkətdə qalıb işləməsi ilə bağlı mübahisə edib.
Mübahisə təhqirlə müşayiət olunan münaqişəyə çevrilib. Xalası oğlunu öldürmək qərarına gələn Hüseyn saat 20:40-da Sahil qəsəbəsi, Qaradağ stansiyası, "Məhəllə marketi" adlı dükanın qarşısında onunla görüşüb.
Dükanın yaxınlığında olan vaqon dayanacağının içərisində əvvəlcədən gizlətdiyi bıçağı götürüb, köynəyinin sol qolunun altına qoyub. Oraya gələn xalası oğluna yaxınlaşıb, bıçaqla onun ürək nahiyəsinə zərbə vurub. Zərərçəkmiş aldığı bıçaq yarasından ölüb.
İstintaq orqanı tərəfindən H. Şirinovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
İfadəsində göstərib ki, Nail zəng edərək onunla işi olduğunu deyib və nalayiq ifadələr işlədib:
"Məni Qaradağ rayonu ərazisində mağazanın yaxınlığına çağırdı. Qorxutmaq məqsədilə bıçaq götürdüm. Nailə iki bıçaq zərbəsi vurdum. Jaketindən dartanda bıçaq sinə nahiyəsinə dəydi. Hadisə baş verdikdən sonra özümü itirdiyim üçün qaçıb Cəlilabada getdim".
Təqsirləndirilən şəxs bildirib ki, xalası oğlu da, özü də Qaradağ rayonu ərazisində yaşayıblar:
"Sement zavodunda birlikdə işləyirdik. Xalam oğlu sürücü idi. Aramızda heç bir problem olmayıb".
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə axşam saatlarında baş verib:
"Nail gələndə ona salam verdim, əl uzatdıqda məni vurmağa və boğmağa başladı. Evdən çıxanda Naili qorxutmaq məqsədilə yağ bıçağı götürmüşdüm. Hadisə vaxtı Nail içkili idi. Narkoloji dispanserdə qeydiyyatdayam. Psixotrop maddə metamfetamin qəbul edirəm. Hadisə günü də metamfetamin qəbul etmişdim".
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə H.Şirinov 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinə qərar verilib.
Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli tədbir də tətbiq edilib. (Teleqraf.az)
Bizim.Media