Sabirabadda azyaşlı qız ərə verilir.
15 oktyabr 2025-ci il tarixində Sabirabad rayonunun Nurgül şadlıq sarayında qız toyu baş tutub. Gəlin 2008-ci il təvəllüdlüdür və Sabirabad rayonunun Türkədi kəndində yaşayır. Bəy Orxan Yengivar oğlu Mehbalıyev isə Sabirabad rayonunun Yolçubəyli kənd sakinidir və 35 yaşındadır.
Bizim.Media-ya bu barədə məlumatı bəyin əmisi arvadı Dilarə Mehbalıyeva bildirib.
Onun sözlərinə görə cütlüyün oğlan toyu 23 oktyabr tarixində Sabirabad rayonunun Yolçubəyli kəndində, Orxan Mehbalıyevin ata evində keçirilməsi nəzərdə tutulur.
Dilarə Mehbalıyeva qeyd edib ki, bəyin ailəsi imkanlı olduğu üçün qarşı tərəf bu səbəbdən qızlarını ərə verməyə razılaşıb. Artıq qızın cehizləri oğlan evinə daşınıb və toy tədarükünə başlanılıb.
Mənbə onu da qeyd edib ki, oğlan toyunun gizlin keçirilməsi planlaşdırıldığı üçün gəlin iki gün əvvəl bəy evinə aparılacaq.
Məsələni aydınlaşdırmaq üçün azyaşlı qızın ailəsi ilə əlaqə saxladıq. Ailə faktı qismən təsdiqləyib. Qızın atası Qənimət kişi bildirib ki, qızı öz istəyi ilə 35 yaşlı oğlana ərə getmək istəyir:
“Mən qızımı vermək istəməmişəm, özünün razılığı olub. Özü istəyib. Cehizi getdi, getmədi qız hələki evimdədir. Oğlan xərc çəkib deyə o pulu çıxarmaq üçün özünə toy edəcək. Mən ona necə qarışım?”, - deyə ata bildirib.
Ata ilə danışdığımız an qızın anası dəstəyi əlindən alaraq ünvanımıza söyüş və təhqirlər yağdırıb:
“Məqsədiniz nədir? Qızın həyatını dağıtmaq istəyirsiz? Xoşum gəlir vermişəm, əcəb etmişəm. Mənə dəxli deyil, 23-ü toydur, ya yox... Adam xərc çəkib, indi pulunu yığacaq. Çox adam toyunu edir, amma bizə ilişirsiz. Belə vermişəm, əcəb eləmişəm. Seviblər bir-birlərini, mən də vermişəm”, - deyə ana da əsəbi şəkildə sözlərini belə sonlandırıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, rayon ərazisində şadlıq saraylarının birində nikah yaşına çatmayan qızın toy mərasiminin keçirilməsi ilə bağlı polisə daxil olan məlumat üzrə araşdırma aparılıb.
Hər iki tərəfin valideynləri aidiyyəti üzrə polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılmışdır.
Keçirilməsi planlaşdırılan toy mərasiminin qarşısı alınıb.
Alçina Amilqızı, Bizim.Media