“Rembo” ləqəbli şəhid komandirin anası: Oğlumla qürur duyuram - FOTO

“Rembo” ləqəbli şəhid komandirin anası: Oğlumla qürur duyuram - FOTO

Hazırda oxunan: “Rembo” ləqəbli şəhid komandirin anası: Oğlumla qürur duyuram - FOTO

576060

2020-ci il sentyabrın 27-si... Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “Bəbir” Xüsusi Təyinatlı Dəstəsinin komandiri Şixamir Qaflanovun rəhbərlik etdiyi 40 nəfərdən ibarət şəxsi heyət Füzuli rayonunun Qaraxanbəyli kəndindəki “Ohanyan səddi”nin yarılması üçün döyüşə atılır. Cəbhənin ən möhkəm və keçilməz nöqtələrindən olan, neçə illərdən bəri ermənilərin topdağıtmaz bunker hesab etdikləri həmin sədd cəngavər döyüşçülərin çox böyük qəhrəmanlığı və rəşadəti sayəsində yerlə-yeksan edilir.

Bizim.Media xəbər verir ki, bunun ardınca həmin dəstənin üzvləri Arazboyu əməliyyatlarda iştirak edirlər.

Füzuli, Cəbrayıl və Hadrutun işğaldan azad edilməsi uğrunda 23 döyüşə qatılan “Bəbir” erməni yaraqlılarının çoxlu canlı qüvvəsini sıradan çıxarır.

Şixamir Qaflanovun döyüş şücaətini görüb, onu əfsanəvi “Rembo” adlandırırlar. Dəstənin komandiri Şixamir Qaflanov uğurlu əməliyyatlardan sonra oktyabrın 19-da səhər tezdən atasına zəng edir. Narahat olmamağı, hər şeyin yaxşı olacağına inanmasını istəyir. Deyir ki, biz yaxşıyıq, özünüzə fikir verin və bizdən nigaran qalmayın, irəliləyirik.
 

Onun son döyüşü də elə həmin gün - oktyabrın 19-da Xocavənd rayonu istiqamətində olur. Həmin gün döyüş tapşırığına əsasən, Laçın dəhlizinə və Füzuliyə doğru istiqamətlənən strateji mövqe alınmalı idi. Döyüşdən öncə o, tabeliyində olanlara lazımi tövsiyələrini verir, ehtiyatlı olmağı tapşırır.


Həmin günədək “Bəbir” Xüsusi Təyinatlı Dəstəsi bir nəfər də şəhid verməmişdi. Döyüş zamanı düşmən snayperinin açdığı atəş nəticəsində baş nahiyəsindən ağır yaralanan “Rembo” - Şixamir Qaflanov dəstənin ilk şəhidi olur. Amansız döyüşlərdə komandirdən başqa baş çavuşlar - Sahib Məmmədov və Surxay Mehdiyev, çavuş Sənan Ələsgərzadə də həlak olurlar. Heç kim bu xəbərə inanmaq istəmir. Düşmənə qan udduran “Rembo” axşam saatlarında şəhidlik zirvəsinə ucalır.

Mayor Şixamir Qaflanova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, həmçinin “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və digər medallarla təltif edilib.

Xatırladaq ki, Şixamir Qaflanov 1986-cı ildə Zaqatala rayonunun Üçüncü Tala kəndində anadan olub. O, dörd övladdan ibarət ailənin sonbeşiyi idi. Evin böyük oğlu Asif Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, onun qardaşı Qurban isə Daxili Qoşunların “Bəbir” adlı Xüsusi Təyinatlı Dəstəsində xidmət edir.
 

Şixamir orta məktəbi bitirəndən sonra Daxili Qoşunların Gəncədə yerləşən hərbi hissəsində hərbi xidmət keçib. Tərxis olunandan sonra 2007-ci ilin aprel ayında Daxili Qoşunların sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başlayır. Zabit olmaq arzusu ilə yaşayan Şixamir 2008-ci ildə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinə daxil olur.


2010-cu ildə təhsilini başa vurub, leytenant hərbi rütbəsi alır və Zaqatalada hərbi hissədə xidmətinə davam edir.

Bilik və bacarıqlarını artırmaq və təkmilləşdirmək məqsədilə 2012-ci ilin payızında İzmirdə Jandarma Komandan Məktəbi və Təlim Mərkəzi Komandanlığında “Zabit Komando” kurslarında təhsil alır. 2019-cu ildə yenidən qardaş ölkədə təşkil olunan təlimlərdə iştirak edir. Vətən müharibəsinin ilk günündən erməni işğalçılarına qarşı döyüşlərin ön cəbhəsində olub.

Təəssüf ki, cəsur Qarabağ döyüşçüsünün atası oğlunun itkisindən sonra tez vəfat edib. Anası Mominət xanım isə oğlu ilə qürur duyduğunu deyir:

“Şixamir uşaqlıqdan diribaş idi. O, məktəbdə çox yaxşı oxuyurdu. Müəllimləri deyirdi ki, məktəbdə keçirilən yarışlarda onun olduğu qrup mütləq qalib gəlirdi. Onun bacarığı, zirəkliyi, dərslərini yaxşı oxuması barədə həmişə razılıq edirdilər. Peşə seçərkən qardaşı Qurbanın yolu ilə getdi, onun kimi hərbçi olmağa üstünlük verdi”.

O, qardaşı Qurban kimi Daxili Qoşunların Hərbi məktəbinə daxil olub. Təhsilini başa vurandan sonra leytenant rütbəsi alıb, Daxili Qoşunların sıralarında xidmətini davam etdirib. Qurban onunla daim əlaqə saxladığını deyir.

Sentyabrın 27-də Şixamirdən mesaj aldığını xatırlayır:

“Qurban, döyüş əməliyyatlarına başlamışıq. Xahiş edirəm, mənim döyüşlərdə olduğumu səndən başqa ailədə kimsə bilməsin”.

Qardaşı deyir ki, bundan sonra, təxminən, 10 gün onunla əlaqə saxlaya bilməyib:

“Demək olar ki, əlaqə yox idi. Sonra hərdən zəng edib, çox qısa şəkildə özünün salamat olduğunu, hərbi əməliyyatların uğurla getdiyini deyirdi. Sonuncu zəngi oktyabrın 19-da oldu. Əhvalı çox yaxşı idi, hətta zarafat da elədi. Ovqatı o qədər yaxşı idi ki, elə bil toya gedirdi. Dedi ki, hər şey istədiyimiz kimi gedir. Sonradan öyrəndim ki, həmin gün ata-anamla, o biri qardaşımla, həyat yoldaşı ilə də çox şən əhvalda danışıb”.

Şəhidin həyat yoldaşı Solmaz isə onu belə xatırlayır:

“Təzə ailə həyatı qurmuşduq. 2019-cu il iyulun 21-də toyumuz olmuşdu. Bizim ailə həyatımız cəmi 14 ay davam etdi. Lakin birgə yaşadığımız 1 ildən bir az artıq müddətdə mən özümü xoşbəxt hesab etmişəm. Olduqca mərd, dürüst idi. Adətən, hərbçilər bir qədər sərt olurlar. Lakin mən Şixamiri çox mülayim tanıdım, çox ailəcanlı idi. Öz sevgisini diqqət və qayğısını çox aşkar büruzə verirdi. Şixamir dünyasını dəyişəndə qızımız Mədinə iki ay idi ki, dünyaya gəlmişdi. Nə o, ata sevinci yaşadı, nə də qızım atasını gördü”.

Şəhid mayorun ailəsi mənzillə təmin olunub. Zaqatalanın Üçüncü Tala kəndində yaşadığı evə xatirə lövhəsi qoyulub. Zaqatala şəhəri Humanitar fənlər gimnaziyasına Şixamir Qaflanovun adı verilib. Onun haqqında “Bir “Bəbir” kimi…” sənədli film çəkilib. Şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilib. (AZƏRTAC)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO