Siyasi tarixinin dəyərlərinə və siyasi irsə dərin ehtiram
Prezident İlham Əliyev Azərbaycanın siyasi tarixinin dəyərlərinə, ənənələrə, siyasi irsə dərin ehtiram göstərən dövlət adamıdır. O, müstəqillik tariximizdə dövlətin və xalqın maraqları uğrunda cəsarətlə mübarizə aparan ictimai-siyasi xadimlərin, nüfuzlu şəxsiyyətlərin, habelə ağır, mürəkkəb bir dovrdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası və sonrakı mərhələdə ölkənin inkişafının təmin edilməsində misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin komandasında təmsil olunmuş şəxslərə də həmişə hörmətlə yanaşıb.
İlham Əliyev Ulu Öndərin komandasının üzvlərinin böyük bir qismi ilə siyasi hakimiyyətini davam etdirib, onların uzun illər iqtidarda təmsil olunmasına şərait yaradıb.
Zamanı çatanda isə bu şəxslər yüksək dövlət təltifləri ilə mükafatlandırılaraq, hörmətlə təqaüdə yola salınıblar.
Məsələn, sabiq baş nazir Artur Rasizadə “İstiqlal”, “Şöhrət”, “Şərəf” ordenləri ilə təltif olunub. O, təqaüddə olduğu dövrdə belə İlham Əliyev Artur Rasizadəni, onun xidmətlərini unutmayıb, Azərbaycan dövlətinə sadiqliyini dövlətin ən ali ordeni ilə qiymətləndirib. Bu il Prezident Əliyev təqaüddə olan Artur Rasizadəyə “Heydər Əliyev” ordenini şəxsən özü təqdim edib, sabiq baş naziri Ulu Öndərin və özünün sadiq dostu kimi yüksək dəyərləndirib. Eynilə, baş nazirin müavinləri Elçin Əfəndiyev, Abid Şərifov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və digər məmurlar da diqqətdən kənarda qalmayıblar, dövlətin ali mükafatları ilə təltif edilərək, təqaüdə yola salınıblar.
Qüsur, xəta bağışlanır, nankorluq və xəyanət yox!
Düzdür, məsul vəzifə daşıyan bu və digər şəxslərin müəyyən qüsurları, səhvləri, xətaları da olub ki, bu, hər bir işdə var. Əgər dövlətə təhlükə yaratmırsa, cəmiyyətin mənafelərini tapdalamırsa, onları bağışlamaq, üzərindən keçmək, güzəşt etmək olar və bəzi məqamlarda dövlət başçısı bunu da edib. Prezident İlham Əliyev üçün əsas prinsip dövlətə, dövlətçiliyə sədaqətlə xidmət, siyasi irsə hörmət olub.
Heç şübhəsiz ki, uzun müddətli siyasi hakimiyyət dönəmi yalnız sadiqlər, dövlətçilik prinsipi ilə xidmət edənlərlə xatırlanmır. Bu dövrdə dövlətə də, siyasi hakimiyyətə də, Prezident İlham Əliyevin etimadına da xələf çıxanlar olub. Bunların arasında dövlətə külli miqdarda ziyan vuran, onun siyasi və iqtisadi əsaslarına təhdid yaradan, müxtəlif dövlət çevrilişi ssenarilərində yer alan nankor və xəyanətkar məmurlar, siyasətçilər olub.
Azərbaycan siyasi hakimiyyəti və xüsusi xidmət orqanları son 22 ildə bir neçə dəfə dövlət çevrilişinə cəhdi, hakimiyyətin zorla ələ keçirilməsi üçün hazırlanmış planları ifşa ediblər.
Şimal küləyinə oynayan daha bir ad - Ramiz Mehdiyev
Siyasi əqidəsi şimal küləyi ilə sovrulan daha bir məmur isə Ramiz Mehdiyev oldu. Sirr deyil və Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, Mehdiyevin və onun yaxın ətrafının fəaliyyəti Azərbaycana çox ziyan vurub. Bütün siyasi karyerasını, siyasi varlığını Ulu Öndər Heydər Əliyevə borclu olan bu bürokrat hələ 1980-ci illərdə Ulu Öndərin Azərbaycandan Moskvaya getməsini və orda ermənilərin Azərbaycan üçün yaratdığı problemlərlə mübarizə aparmasını fürsət bilərək, ona yaxınlığı, sədaqəti ilə seçilən şəxsləri Bakıdan uzaqlaşdırıb, əyalətlərə göndərirdi. Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra fuşesayağı riyakar üzünü geyinən Mehdiyev yenə yazıq görkəmdə onun qarşısında dayanıb, məzlum məzlum əfv dilədi. Amma “bir dəfə satan həmişə satar!”
Ulu Öndərin hakimiyyəti dövründə də mətbuat Ramiz Mehdiyevin bir sıra şəxsləri ətrafına yığaraq, hakimiyyət sevdası barədə müzakirə apardığını yazdı. Həmin vaxt Ramiz Mehdiyev ona biət edənlərin bir qismini qurban verərək, sudan quru çıxa bildi.
Ramiz Mehdiyev əlinə düşən hər fürsətdə hakimiyyət daxilində gücünü göstərmək,ona biət etməyənlərə qarşı şər torbası toxumaq şakərindən heç vaxt vaz keçmədi.
Ətrafına yığdığı deputatlar, elm adamları vasitəsilə özünü “ideoloq”, “siyasətçi”, “dövlət adamı”, “filosof” kimi təqdim etməyə çalıssa da, Ramiz Mehdiyev heç vaxt buna nail ola bilmədi. O, sadəcə icraçı, bürokrat, kitablarını 3-5 alimə yazdıran kopyabaz, Makiavellidən əzbərlədiyi 3-4 cümlə ilə göz boyamağa çalışan diletant, Rusiyadan gələn zənglərlə özünü xoşbəxt hiss edən emissar idi.
Ramiz Mehdiyev həmişə kiçik intriqalardan, tələlərdən, dedi-qodudan, şantajdan və böhtandan istifadə edən məmur olub. O, özünün və şəbəkəsinin lazımlılığını göstərmək üçün daim radikal siyasi müxalifəti ayaqda saxlamağa çalışıb, Ulu Öndər və Prezident İlham Əliyev haqqında müxalifət mətbuatında iyrənc yazılar sifariş edib. Ramiz Mehdiyev müxalifətin 2003-cü ildən sonra dağılmış parçalarını zorla bir yerə toplayaraq, varlığına şərait yaradıb. Ramiz Mehdiyev özünün nəzarətində olan bu müxalifətçilərdən zaman -zaman “deputat”, media rəhbəri, QHT sədri hazırlamaqla, “iş görən”, müxalifəti zərərsizləşdirən” məmur obrazı formalaşdırıb.
Müxtəlif vaxtlarda bütün siyasi taleyi üçün Ulu Öndərə və Prezident İlham Əliyevə minnətdar olmalı olan bəzi məmurların özgə qapılarından ümid dilənməyinin şahidi olmuşuq.
Ramiz Mehdiyevin limiti bitir
2017-2018-ci illərdə isə Ramiz Mehdiyevin oyunları müntəzəm xarakter almağa başladı.
Qarşıda böyük hədəf-Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və suverenliyin bərpası prosesi var idi. Bu prosesi indiyə qədər dözüm göstərilən rusiyapərəstlərlə görmək mümkün deyildi.
Ümumiyyətlə, İlham Əliyevin siyasi karyerasını və siyasi gedişlərini yaxından izləyən hər bir təhlilçi bunu görə bilir ki, dövlət başçısı inanmadığı, etimad göstərmədiyi adamları dövlət üçün strateji əhəmiyyət kəsb edən heç bir prosesə daxil etmir. Bu dəfə də belə etdi. Prezident Əliyev öz xarakterinə və siyasi prinsiplərinə sadiq qalaraq, Ramiz Mehdiyevi 2019-cu ildə hörmətlə Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən yola saldı.
Prezident Administrasiyasının rəhbəri olduğu dövrdə yaratdığı bütün problemlərə və etdiyi naqisliyə baxmayaraq, ona qoca yaşında bir daha şans verildi və AMEA Prezidenti vəzifəsi həvalə olundu. Heydər Əliyev komandasında mühüm postlardan birini tutduğu nəzərə alındı və düşünüldü ki, ahıl yaşında ömrünün sonunu rahat yaşayar.
Ramiz Mehdiyevin AMEA-dakı siyasətbazlığı
Ramiz Mehdiyev AMEA-da növbəti rüşvət və intriqa yuvası yaratdı. Elm ocağının adı bütün tarixi boyu Ramiz Mehdiyevin dövründəki qədər elmə aid olmayan intriqa və rüşvətdə hallanmamışdı.
Ramiz Mehdiyev 2019-cu ildə AMEA-a gələndə Prezident Administrasiyasındakı köməkçilərindən olan Eldar Əmirovu da (Ramiz Medhiyevin bəzi əsərlərinin, məqalələrinin müəllifi olduğu deyilir) AMEA-ya apardı. Onu, AMEA Prezidentinin Katibliyinin rəisi təyin etdi.
Halbuki, AMEA Nizamnaməsində belə struktur nəzərdə tutulmamışdı. Ramiz Mehdiyev dərhal özü üçün belə bir “katiblik” yaratdı və AMEA-da siyasi fəaliyyətə başlayıb, qurumun saytını siyasi bəyanatların yayıldığı mənbəyə çevirdi.
Bütün AMEA institutları onu istefasını tələb etdilər və o, 2022-ci ildə AMEA Prezidentliyindən istefa verməli oldu.
Ramiz Mehdiyev vəzifəsindən uzaqlaşdırılsa da, AMEA-dan uzaqlaşmırdı. 2022-ci il fevralın 22-də AMEA-nın Ümumi Yığıncağında istefası qəbul edilən Ramiz Mehdiyevin martın 17-də Akademiyada olduğu haqda məlumat yayıldı. AMEA-dan verilən açıqlamada onun binaya şəxsi əşyalarını götürmək üçün gəldiyi bildirilmişdi. Ancaq sonra məlum oldu ki, Ramiz Mehdiyev Akademiyada, məhz Akademiya Prezidentinin otağında Rusiyadan gələn nümayəndələrlə - Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə görüş keçirib.
Ramiz Mehdiyevin son xəyanəti
Ramiz Mehdiyevin son illərdə də şimal küləyi ilə nəfəs aldığı məlum idi. Ümumiyyətlə, Moskvanın agentura şəbəkəsinin üzvlərinin müxtəlif vaxtlarda fəallaşmaları Azərbaycan üçün təzə xəbər deyil. Mehdiyev Azərbaycan və Rusiya arasındakı son siyasi gərginlikdən istifadə edərək, yenə də öz xidmətlərini təklif edib.
Məlumatlara görə, o, özünün rəhbərliyi ilə dövlət hakimiyyətini zorla ələ keçirmək planına dəstək istəyib. Hətta “reallaşdıracağı” çevrilişdən sonrakı planları barədə də məlumat verib. Plan Dövlət Şurası (yenə Şura!) adlı keçid hökuməti qurmaq, Şuraya da Mehdiyevin rəhbərlik etməsi ilə bağlı olub.
Amma Ramiz Mehdiyevi güvəndiyi, dövlətinə xəyanət etmək üçün kömək istədiyi tərəf də qurtarmadı. Bəzi yaltaqların sevimli “dövlət adamı” Azərbaycan siyasi hakimiyyətinin və şəxsən İlham Əliyevin hakimiyyətinin ən güclü dövründə olduğunu, dünyanın bir nömrəli mərkəzlərində hörmətlə qarşılandığını nəzərə ala bilməmişdi. Deputat Elşən Musayevin “böyük strateqi” heç özündən əvvəl şimal küləyində siyasi sümükləri Telman İsmayılovun həyətinə səpələnən Abbas Abbasovun acı taleyindən də dərs çıxara bilməmişdi.
Dərhal Dövlət Təhlükəziliyi Xidmətində istintaq başladı. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olundu. Onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. İstintaq davam edir.
Adnan Əhmədzadə və Ramiz Mehdiyev
Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, Ramiz Mehdiyevin siyasi planlarının və xəyanətinin ifşa olunması bir müddət əvvəl Adnan Əhmədzadənin iqtisadi təxribatı ilə eyni vaxta təsadüf edir.
Adnan Əhmədzadə öz əməli ilə Azərbaycanın əsas ixrac məhsulu olan nefti, ötürücü kəmərləri, tankerləri , zavodları sıradan çıxardı, ölkəyə böyük maliyyə və iqtisadi zərbə vurdu, ən əsası isə, ölkəmizin beynəlxalq müstəvidə etibarını sarsıtmağa çalışdı. Onun bunu tamah məqsədilə etdiyi, yoxsa diversiya həyata keçirdiyini istintaq daha dəqiq müəyyənləşdirəcək.
Ramiz Mehdiyev isə siyasi diversiya planları quraraq, onu həyata keçirtməyə çalışdı. Bu təxribatların eyni vaxtda baş verməsi təsadüf olmaya da bilər. Hər halda, aidiyyəti orqanlar məsələni tam araşdırıb həqiqəti üzə çıxaracaqlar.
TŞ-dan çıxarıldı, fəxri adları da geri alınacaq
Ramiz Mehdiyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası üzvlüyündən azad edildi.
Apa-nın əldə etdiyi məlumata görə, o, yüksək dövlət mükafatlarından da məhrum ediləcək.
Onun AMEA-nın həqiqi üzvlüyündən və YAP sıralarından xaric ediləcəyi şübhə doğurmur. Təbii ki, AMEA və YAP sıralarında dövlətə xəyanət ittihamı ilə yaşayan birini saxlamayacaq.
Ramiz Mehdiyev həyatını yüksək dövlət mükafatları olan, bürokratik sistemdə uzun müddət çalışmış, ömrü boyu həsrətində olduğu ziyalı adını qazana bilməsə də, akademik elmi dərəcəsi və hakimiyyət partiyasının funksioneri kimi başa vura bilərdi. Ailəsi, övladları və yaxınları Azərbaycan Prezidentinin onlara lütf etdiyi himayənin altında yaşaya bilərdilər.
Amma Ramiz Mehdiyev dövlətə xəyanət ittihamı ilə, bütün titul və adları geri alınmış, Azərbaycan dövlətinə və xalqın Zəfər Liderinə xəyanət etmiş şəxs kimi tarixdə qalmağı, belə ölməyi seçdi.
Hamısı ifşa olunacaq!
Bütün bunlarda bir həqiqət var: bu şəbəkənin görünən və görünməyən üzvlərinin hamısı ifşa olunacaq. Amma onların özlərinin aidiyyəti orqana gəlib istintaqla əməkdaşlıq etməsi daha düzgün addım olardı. Digər tərəfdən, bir çoxlarının fəaliyyəti də, niyyətləri də, əməlləri də bəlli olduğuna görə, tövbə qapısının hələ də açıq olduğunu unutmamalıdırlar. (Mənbə: apa.az)
Bizim.Media