Bu gün III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) öz işini başa çatdırdı. Forum Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən birgə təşkil olunub və “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunu əhatə edib.
Bizim.Media xəbər verir ki, bu il Forum iki şəhərdə - Xankəndi və Bakıda keçirilib. Onlayn və oflayn 1500-ə yaxın iştirakçı, o cümlədən 65 ölkədən 200-dən artıq nümayəndəni bir araya gətirən tədbirdə hökumət nümayəndələri, qardaşlaşmış şəhərlər, səfirlik və diplomatik nümayəndəliklər, akademik institutlar və beynəlxalq təşkilatlar, özəl sektorlar, vətəndaş cəmiyyətlərinin nümayəndələri və ekspertlər iştirak ediblər. Forumun ümumi onlayn izlənmə sayı 1400-ə yaxın olub.
Tədbir çərçivəsində 10 panel sessiya təşkil edilib. Sessiyalar zamanı dayanıqlı şəhərsalma, iqlim dəyişmələrinə uyğunlaşma, inklüziv inkişaf və şəhərlərin bərpası kimi aktual məsələlər müzakirə olunub. İştirakçılar mənzil təminatı, maliyyə və innovasiya mexanizmləri, ərazi planlaşdırılması, rəqəmsallaşma, mədəni irsin qorunması və sağlam şəhər icmaları sahələrində qabaqcıl təcrübələri bölüşüblər.
Həmçinin Azərbaycanda post-münaqişə bərpası modelinə xüsusi diqqət yetirilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri “Building Back Better” (“Daha yaxşı bərpa”) prinsiplərinə əsaslanaraq təhlükəsiz, dayanıqlı və yaşayış üçün əlverişli şəhər mühitinin formalaşdırılmasına yönəlib.
Azərbaycan Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ilə birgə “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” mövzusu altında keçirilən tədbirdə gənclər dayanıqlı şəhərlərin gələcəyi, innovativ yanaşmalar və gənclərin bu prosesdə fəal iştirakı barədə fikir mübadiləsi aparıb.
Ayrıca bir sessiya mənzil məsələsinə həsr olunub. Bu mövzu 2026-cı ildə “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” devizi altında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) əsas konsepsiyası ilə səsləşir.
Bağlanış tədbirində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev çıxış edərək bildirib ki, NUFA3 şəhərlərin gələcəyi ilə bağlı milli, regional və qlobal dialoqun gücləndirilməsində mühüm mərhələ oldu və Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumuna hazırlıq istiqamətində əməkdaşlıqda yeni səhifə açıb.
Çıxışının sonunda Anar Quliyev forumun ruhunu və məqsədini əks etdirən simvolik mesajla iştirakçılara müraciət edib: “Birlikdə elə bir gələcək qura bilərik ki, hər şəhər iqlim çağırışlarına davamlı, hər icma sağlam, hər bir insan isə bu şəhər hekayəsinin ayrılmaz hissəsi olsun”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:51 / 18.10.2025
III Azərbaycan Milli Şəhərsalma Forumu öz işini başa vurdu - FOTO
Hazırda oxunan: III Azərbaycan Milli Şəhərsalma Forumu öz işini başa vurdu - FOTO
Hazırda oxunan: III Azərbaycan Milli Şəhərsalma Forumu öz işini başa vurdu - FOTO
575887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.