“Son beş ildə Azərbaycanda 83 min nikahdan kənar uşaq doğulub. Təsəvvür edin ki, 9 min uşağı 15-19 yaşlı qızlar dünyaya gətirib. Bu, ailə institutu üçün olduqca ciddi problemdir. Əhalinin sayı çox olsaydı, buna əhəmiyyət verməmək olardı”.
Bizim.Media xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa parılamentin bugünkü iclasında çıxışı zamnaı deyib.
“Biz bu istiqamətdə də cəmiyyətdə ictimai müzakirələr aparmalıyıq”, deyə millət vəkili qeyd edib.
Fazil Mustafa əlavə edib ki, bu yaxınlarda Türkiyə Cümhuriyyətində türk respublikalarında yaşayan vətəndaşların artıq Türkiyədə əcnəbi statusu daşımayacaqları haqqında qanun qəbul olundu:
“Onların işlə təminatda türk vətəndaşları ilə birgə bunu gerçəkləşdirə biləcəklər. Düşünürəm ki, biz də bunu gerçəkləşdirə bilərik. Bu qanunun tətbiqi Türkiyənin demoqrafik vəziyyətində də mühüm rol oynayacaq”.
O bildirib ki, Azərbaycanda da demoqrafik məsələlərin həllində bu istiqamətdə hansısa qərarların qəbul olunması faydalı olardı:
“Xüsusilə də mən Gürcüstanda yaşayan azərbaycanlı soydaşlarımızın qanun səviyyəsində bizdə soydaş olaraq tanınmamasının yaratdığı problemlərə təmas etmək istəyirəm. Eyni zamanda, Rusiyada yaşayan vətəndaşlarımızı da qeyd edə bilərik.
Biz bu vətəndaşlarımıza həm demoqrafik problemlərimizlə bağlı, həm də onların Azərbaycana daha çox bağlanması baxımından belə bir imkanların tanınması məsələsini Azərbaycanın maraqlarını nəzərə alaraq müzakirə etməliyik. Onların burada özlərini əcnəbi kimi hiss etməməsini təmin etməliyik, rəsmiləşmə, legitimləşmə məsələləri olduqca vacib addımlardır”.
Günay Şahmar, Bizim.Media