Qəhvəyi mərmər bağacığı böcəklərinin Balakən və Zaqatala rayonlarında təsərrüfatlara yayılması sakinlərin ciddi narahatlığına səbəb olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sosial problemlə bağlı bir neçə dəfə material hazırlamışıq. Sakinlərin müraciəti əsasında Balakən və Zaqatalanın müxtəlif kəndlərində olmuş və məsələnin ciddiliyini aidiyyəti qurumların diqqətinə çatdırmışdıq.
Bu dəfə Zaqatalanın Əliabad qəsəbəsi və ona yaxın Yengiyan, Mosul, Kəpənəkçi istiqamətində yerləşən yaşayış məntəqələrinə üz tutduq.
Əliabad qəsəbəsinin elə girişində maşını saxlayıb yerə düşdük. Yaxınlıqdakı sürücülər problemin hər gün böyüdüyünü, böcəklərin sayının günü-gündən artdığını bildirdilər. Onların sözlərinə görə, artıq bir neçə ildir bu məsələ var və əsasən payız aylarında evlərə hücumları çoxalır. Bunun da bir səbəbi var. Bağacıqlar qışlama üçün isti yerlərə üz tuturlar.
“Bu böcəklərin qoxusundan, qorxusundan xəstəxanalıq olanlar oldu, həftə ilə şişi getmir, allergiyası olanlar var. Deyirlər təmizləyin, tozsoranla yığın. Daha texnikanın da gücü çatmır.”, - deyə Yengiyan kənd sakini Nargül Qurbanova deyib.
Zərərverici bağacıqlara əslində rayonun əksər yaşayış məntəqələrində rast gəlmək mümkündür. Lakin son vaxtlar daha çox Əliabad qəsəbəsi, Yengian, Mosul, Kəpənəkçi və onlara yaxın digər yaşayış məntəqələrində maşahidə olunur. Hazırda bağacıqların qışlama dövrü olduğundan onların daha çox evlərə eləcə də yaxınlıqdakı tikililərə sığındığı müşahidə edilir.
Sakinlər bağacıqları mexaniki üsulla yaxud tozsoranla məhv edib çatdıra bilmədiyindən bitki mühafizə mərkəzinə müraciət ediblər.
Kənd sakini Şaiq Əlixanov bizi həyətindəki yaz mətbəxinin qarşısınakı divan-kreslo qoyulan yerə gətirir. Divanın üzərinə sərilən adyalı qaldırır və əlavə edir ki, cəmi bir saat deyil ki, buraları təmizləyiblər. Əfsuslar olsun ki, yenə də adyalın altına onlarla bağacıq yığılıb.
Şaiq müəllim əlavə edir ki, evin divarlarına, pəncərələrə, çardağa gün ərzində minlərlə bağacıq hücum çəkir, daha sonra fürsət tapıb mənzilə, otaqlara doluşurlar.
Sakinlər meyvə və fındıq bağlarında da qışlamaya qalan bağacıqların az olmadığını, onların da sonradan yaxınlıqdakı tikililərə gələcəyini bildirirlər.
Məsələ ilə əlaqədar olaraq müxtəlif dövlət qurumları araşdırma aparıb və gəlinən ilkin nəticə budur ki, bağacıqlar bölgəyə qonşu Gürcüstandan keçib. Daha çox Balakən və Zaqatala rayonları ərazisində yayılıb. Qəhvəyi mərmər bağacığı təsərrüfat əhəmiyyətli zərərvericidir. Tipik qalxanlılara aid bağacıqdır. Digərlərindən fərqli olaraq bu böcəklər daha çox bitkiyə zərər vurur. Belə ki, bu zərərverici 200-dən artıq bitkiyə ziyan vurur. Qəhvəyi mərmər bağacığı efir yağı tərkibli toksid maddə buraxır.
Qeyd edək ki, bölgələrdə qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbiri kimi Kənd Təsərrüfarı Nazirliyi mütəxəssisləri müşahidə aparır, tədbirlər görürlər. Lakin sakinlərlə söhbətdən də bəlli olur ki, görülən qabaqlayıcı tədbirlər istər mexaniki, istərsə kimyəvi hələlik elə də öz faydasını verməyib.
Mütəxəssislər bildirir ki, hazırda rayonlarda kənd təsərrüfatı bitkiləri və təbii flora üçün təhlükəli hesab edilən qəhvəyi mərmər bağacığının qışlama yerlərində müşahidə tədbirləri davam etdirilir, yerli sakinlər maarifləndirilir, müraciətlər əsasında ərazilərdə kimyəvi tədbirlər davam etdirilir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu