Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl “Sədərək” Ticarət Mərkəzində Azərbaycan Dövlət Reklam Agentliyinin əməkdaşları ilə yerli sahibkarlar arasında əlbəyaxa dava düşüb.
Məlumata görə, mərkəzin mühafizəçiləri Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyərək ticarət mərkəzindən qovublar.
"Sədərək" ticarət mərkəzindən bir qrup sahibkar deyiblər ki, ərazidə 21 reklam lövhəsi dağıdılıb, onlara 210 min manat dəyərində ziyan dəyib. Sahibkarlar bu addımın atılmasını qeyri-qanuni hesab etdiklərini deyirlər.
Onlar hesab edirlər ki, belə addımlar ticarət mühitinə mənfi təsir göstərir.
“Sədərək" ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim bildirib ki, qüvvəyə minmiş məhkəmə qərarına əsasən, "Sədərək" bazarının ərazisi özəl mülkiyyət kimi tanınıb və bu barədə Dövlət Reklam Agentliyinə rəsmi məlumat verilib. Özəl mülkiyyətə aid ərazilərdə reklam fəaliyyətinə yalnız mülkiyyətçinin razılığı ilə icazə verilir.
Onun sözlərinə görə, "Sədərək" bazarının ərazisi tam hasarlanıb, mühafizə olunan, giriş-çıxışı idarə olunan özəl ticarət məkanıdır. Reklam konstruksiyaları bazarın daxili ticarət zonasında, yəni ictimai yol və ya bələdiyyə ərazisi ilə əlaqəsi olmayan hissələrdə quraşdırılıb.
Dövlət Reklam Agentliyindən isə bildirilib ki, söküntü işləri qanun çərçivəsində reallaşdırılıb.
Reklam Agentliyinin bu addımı qanunauyğundur?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan reklam üzrə ekspert Cahid Həsənov qeyd etdi ki, “Sədərək” ticarət mərkəzində baş verən hadisə hazırda bütün ölkə ərazisində təkrarlanır:
“Bu mənzərənin eynisini 10 gün əvvəl Lənkəranda gördüm. “Böyük bazar” ərazisində heç bir xəbərdarlıq edilmədən reklam lövhələri sökülür, sahibkarların əmlakına ciddi ziyan vurulurdu. Öyrəndim ki, ərazidəki reklam lövhələrinin bəlkə də 30 yaşı var. Birdən-birə qərar verilib ki, ərazidəki reklam lövhələri götürülsün. Əldə etdiyim məlumata görə, ölkə ərazisində aparılan söküntü işlərini ADRA lövhələrin yararsız olması və müasir tələblərə cavab verməməsi ilə izah edir”.
Müsahibimiz hesab edir ki, ADRA öz məntiqində haqlı ola bilər:
“Amma söküntü işləri zorakılıq yolu ilə aparıla bilməz. Qurum reklam lövhəsinin sahibinə və reklamvericiyə qabaqcadan yazılı xəbərdarlıq etməlidir ki, lövhəni ətraf mühitin memarlıq ünsürlərinə uyğun yeniləyin. Lazım gəlsə, ADRA sahibkara alternativlər də təklif etməlidir. Amma ADRA belə etmir. Bildiyim qədər, qurumun ayrı-ayrı sahibkarlara aid reklam lövhələrini sökməkdə məqsədi odur ki, növbəti mərhələdə həmin ərazidə özlərinə yaxın şirkətlərin qurğuları quraşdırılsın”.
Sözügedən iddialarla bağlı ADRA-ya sorğu ünvanladıq.
Agentlikdən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən qurumdur:
“İrəli sürülən iddialar əsassızdır və reallığı əks etdirmir. Əgər qeyd olunan məsələ ilə bağlı konkret narazılıq və ya şikayət mövcuddursa, sahibkarlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyətı üzrə müraciət edə bilərlər.
Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi bütün sahibkarlıq subyektləri üçün bərabər fəaliyyət imkanları və azad rəqabət mühitini təmin edir. Qanunvericiliyin tələblərinə cavab verməyən reklam qurğularının sökülməsi isə yalnız normativ-hüquqi aktların tələbləri çərçivəsində və müəyyən olunmuş qaydalara uyğun şəkildə həyata keçirilir”.
Surxay Atakişiyev, Bizim.Media