Həm marşrutlarda, həm də metroda ödənişlər “Bakıkart” vasitəsilə həyata keçirilir. Düzdür, bank hesabları vasitəsilə “QR kod”-la ödəniş mümkün olsa da, bu zaman texniki problemlər yarana bilir.
Buna görə də “Bakıkart” aparatlarının hər yerdə əlçatan olması sərnişinlər üçün önəmlidir.
Ancaq bu terminallar yalnız metrolarda və metro girişlərinə yaxın ərazilərdə olur.
Bəs nə üçün dayanacaqlara yaxın quraşdırılmır?
Bizim.Media mövzuyla əlaqədar “Bakıkart”-a sorğu ünvanlayıb. “Bakıkart”-ın müştəri xidmətləri üzrə baş mütəxəssisi Mehriban Əhmədova ilk olaraq, terminalların nə üçün sadəcə metrolarda quraşdırıldığına aydınlıq gətirib:
“"Bakıkart" ödəniş terminallarının əksəriyyəti Bakı Metropoliteninin stansiyalarında yerləşdirilmişdi. Bu, sözügedən məntəqələrin şəhərdaxili nəqliyyat dəhlizlərinin əsas kəsişmə nöqtələri olması, sərnişin axınının burada daha yüksək səviyyədə müşahidə olunması və ödəniş infrastrukturuna olan tələbatın daha çox olması ilə əlaqədardır”.
“Dayanacaqlarda da Bakıkart terminalları quraşdırılacaq”.
“Vətəndaşlardan daxil olan müraciətlər və mövcud ehtiyac nəzərə alınaraq, dayanacaqlarda ödəmə terminallarının yerləşdirilməsinin genişləndirilməsi istiqamətində mütəmadi işlər aparılır. Bu proses çərçivəsində yeni terminalların quraşdırılması, həmçinin mövcud şəbəkənin təkmilləşdirilməsi planlaşdırılır”, - deyə Mehriban Əhmədova açıqlayıb.
Nəzrin Mirzəyeva, Bizim.Media