Sığorta MÜBAHİSƏLƏRİ – Əmlakın dəyəri necə HESABLANMALIDIR?

Sığorta MÜBAHİSƏLƏRİ – Əmlakın dəyəri necə HESABLANMALIDIR?

Hazırda oxunan: Sığorta MÜBAHİSƏLƏRİ – Əmlakın dəyəri necə HESABLANMALIDIR?

575191

Dünyada təbii fəlakətlərin, həmçinin, qəzaların, yanğın hadisələrinin baş verməsi qaçılmazdır. Ona görə də insanlar əmlaklarını, əşyaları, bəzən isə özlərini belə sığortalayırlar. Hər əmlakın, əşyanın isə sığorta dəyəri müəyyənləşir.
 

Əmlakın sığorta dəyərinin düzgün müəyyən edilməsi sığorta münasibətlərində ən vacib mərhələlərdən biridir. Bu göstərici yalnız sığorta haqqının məbləğini deyil, həm də zərər baş verdiyi halda sığorta olunanın ala biləcəyi kompensasiyanın həddini müəyyən edir.


Bəzən insanlar sığorta dəyərini əmlakın bazar qiyməti ilə eyniləşdirsələr də, əslində bu iki anlayış fərqlidir. Sığorta dəyəri əmlakın bazarda neçə manata satılmasından deyil, onun zərərdən sonra eyni keyfiyyətdə bərpa olunması üçün tələb olunan xərclərdən asılıdır. Məhz buna görə, bu dəyərin hesablanması xüsusi bilik və peşəkar qiymətləndirmə tələb edir.

Bəs Azərbaycanda əmlakın sığorta dəyəri nəyə əsasən qiymətləndirilir, bunu kim qiymətləndirir?

Dəymiş zərəri kim müəyyən etməlidir? - Sığorta şirkəti, yoxsa müstəqil qiymətləndirici?

Bu barədə Bizim.Media-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızı deyib ki, sığorta qiymətləndirməsi – sığorta hadisəsi baş verdikdən sonra yaranmış zərərin dəyərinin müəyyənləşdirilməsi və sığorta ödənişinin hesablanması məqsədilə aparılan peşəkar qiymətləndirmə prosesidir.

Onun sözlərinə görə, sığorta qiymətləndirməsi müqavilə çərçivəsində sığortalının və ya zərərçəkənin dəymiş zərəri ədalətli şəkildə alması üçün mühüm rol oynayır:

“Azərbaycanda sığorta qiymətləndirməsi "Sığorta fəaliyyəti haqqında" qanuna əsasən tənzimlənir. Bu prosesdə iştirak edən subyektlər sığorta şirkətləri və müstəqil ekspertlərdir. Onlar həm riskləri, həm də baş vermiş hadisə nəticəsində dəymiş sığorta dəyərini qiymətləndirirlər. Zərərin dəqiq və obyektiv şəkildə müəyyən olunduğu hallarda qiymətləndirmə müstəqil sığorta ekspertləri tərəfindən aparılır”.

AQP nümayəndəsi əlavə edib ki, qiymətləndirmə prosesində Mərkəzi Bankın normativ sənədləri və şəffaflıq prinsipi əsas götürülür:

“Tərəflər arasında mübahisəli hallar yarandıqda, iri məbləğli zərərlər olduqda, icbari sığorta növlərində, xüsusilə nəqliyyat vasitələrinin icbari sığortası üzrə zərərçəkən tərəfin hüquqlarının təmin olunması məqsədilə sığortalının və ya zərərçəkənin müstəqil qiymətləndirməyə ehtiyac duyduğu hallarda qiymətləndirmə Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü olan və uyğun sahə üzrə sertifikatını əldə etmiş qiymətləndiricilər tərəfindən həyata keçirilir”.
O bildirib ki, bu sahədə yeni sistem formalaşdırılması üzərində çalışılır:

“Palata hazırda bu sahədə müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq edir və sığorta qiymətləndirməsinin daha səmərəli və şəffaf təşkili üçün yeni sistemin formalaşdırılması üzərində çalışır. Məqsədimiz həm qiymətləndiricilərin peşəkarlığının artırılması, həm də sığorta bazarında şəffaf və ədalətli qiymətləndirmə mexanizmlərinin tətbiqidir”.


Günay Şahmar, Bizim.Media

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO