Xəbər verdiyimiz kimi, Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən binalardan birinin zirzəmisində körpə tapılıb.
Sakinlərinin bildirdiyinə görə, uşaq, təxminən yaş yarımlıqdır. Azyaşlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Mahir Məsimov Bizim.Media-ya bildirib ki, körpənin yaxınlarının müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür:
“Azyaşlının müalicə və müayinəsi hazırda xəstəxanada davam etdirilir”.
Körpənin hazırkı durumu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, azyaşlının vəziyyəti stabil olaraq qiymətləndirilir:
“Mingəçevir şəhərində zirzəmidən köməksiz vəziyyətdə tapılan körpə (oğlan) 12.10.2025-ci il tarixində saat 09:30 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Zəruri instrumental-diaqnostik müayinələr aparılıb. Azyaşlının müvafiq şöbədə müalicəsi davam etdirilir. Həkim müşahidəsi altındadır. Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir”.
Günay Şahmar, Bizim.Media