Pedofillərə qarşı cəzalar SƏRTLƏŞDİRİLƏCƏK?

Pedofillərə qarşı cəzalar SƏRTLƏŞDİRİLƏCƏK?

Hazırda oxunan: Pedofillərə qarşı cəzalar SƏRTLƏŞDİRİLƏCƏK?

574772

Qazaxıstanda yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı cinayət törətməkdə təqsirli bilinən şəxslərə onların azadlığa buraxılmasına 6 ay qalmış kimyəvi kastrasiya (cinsi vəzilərin çıxarılması və ya onların funksiyalarının dayandırılması) tətbiq olunacaq. Bu barədə
Qazaxıstan Səhiyyə Nazirliyi qanunda dəyişiklik edib. 

Bildirilib ki, müəssisənin rəhbərliyi cəza müddətinin bitməsinə ən geci 12 ay qalmış psixi pozğunluğun və cinsi zorakılığın meyllərin olub-olmamasını müəyyən etmək üçün məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi üçün materialları məhkəməyə təqdim edir. 

Bu qaydalar psixi pozğunluğa görə məhkəmənin qərarı ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən məhkumlara şamil edilmir.

Bəs Azərbaycanda azyaşlıya qarşı seksual xarakterli hərəkətlər edənlər necə cəzalandırılır və daha sərt cəzalar tətbiq edilə bilərmi?

Mövzuya münasibət bildirən vəkil Ruslan Mustafayev Bizim.Media-ya bildirib ki, Azərbaycanda pedofillərə qarşı ayrıca, xüsusi bir maddə yoxdur:
 

“Amma Cinayət Məcəlləsinin 149-150-151-ci maddələri var ki, bu maddələrdə həmin hərəkətlərin, yəni zorlamanın, seksual xarakterli hərəkətlərin edilməsinin yetkinlik yaşına çatmayan şəxslərə qarşı və 14 yaşına çatmamış şəxslərə qarşı edilməsinə görə ayrı-ayrı cəzalar nəzərdə tutulub. Kifayət qədər ağır cəzalardır. Əgər bu əməllər yetkinlik yaşına çatmayan şəxslərə qarşı törədilirsə, 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər, əgər 14 yaşına çatmamış şəxslərə qarşı törədilirsə, 15 ildən 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin edilə bilər. 


Bu maddələrin sanksiyasında əlavə cəzaların da verilməsi nəzərdə tutulub. Bu, vəzifə tutmanın müəyyən müddətə qadağan edilməsi ilə bağlıdır. Bu, hansı hallarda baş verir? Şəxs öz vəzifə səlahiyyətlərindən, imkanlarından istifadə edərək bu əməlləri törədirsə, bu şəxslərə, təbii olaraq, müəyyən müddətə həmin vəzifəni icra eləmək məhdudiyyəti qoyulur. Misal üçün bu, əgər hər hansı bir məktəbdə bir müəllim təəfindən edilibsə, həmin şəxsə müəllimlik fəaliyyəti ilə məşğul olmaq, təhsil sahəsində işləmək müəyyən müddətə qadağan edilə bilər”.

Qazaxıstandakı məsələyə gəlincə isə hüquqşünas Azərbaycan Respublikasının qanunvericiliyində belə bir halın nəzərdə tutulmadığını qeyd edib:

“Açığı, bundan sonra da nəzərdə tutulması ehtimalı yoxdur. Çünki biz Avropa İnsan Hüquqları Konvensiyalarına qoşulmuşuq və üzərimizə götürdüyümüz müəyyən vəzifələr var. Bunlardan biri də daxili qanunvericiliyin konvensiyaya uyğunlaşdırılması ilə bağlıdır. Konvensiya da belə bir əlavə cəzaların  tətbiq edilməsini qəbul eləmir. Bu səbəbdən düşünürəm ki, yaxın gələcəkdə bizdə belə bir ağır cəzanın nəzərdə tutulması, tətbiq edilməsi ağlabatan deyil”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO