Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Zaur Cavanşir 44 günlük Vətən Müharibəsində keçdiyi döyüş yolu ilə bağlı xatirələrini Bizim.Media ilə bölüşüb.
MÖVZU İLƏ BAĞLI:
44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri - VI HİSSƏ
Zaur Cavanşirin “44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri” adlı xatirələr kitabından VII hissəni təqdim edirik:
ALOVLAR İÇİNDƏ: ŞİŞDAĞ
Hadrutun işğaldan azad edilməsindən, Azərbaycanın üçrəngli bayrağının qəsəbənin mərkəzində, ən hündür nöqtədə dalğalanmasından sonra hücum istiqaməti Füzuli istiqamətində genişləndi. Füzuli rayon mərkəzinin şərq kənarında yerləşən düşmən mövqeləri inadla müqavimət göstərirdi. Düşmənin əzm və iradəsini qırmaq, onu mənəvi-psixoloji baxımdan sarsıtmaq məqsədilə XTQ-nin bölmələri polkovnik Kənan Seyidovun rəhbərliyi altında eyni anda Məngəlata yüksəkliyi və Füzuli şəhər mərkəzi istiqamətində hücuma keçdilər. XTQ müdaxilə etmişdisə, demək ki, tezliklə Füzuli rayon mərkəzində də şanlı bayrağımız dalğalanacaqdı.
Bütün xüsusi təyinatlılar — rütbəsindən və vəzifəsindən asılı olmayaraq — döyüş yeləyinin altında, ürəyinin üstündə bir neçə ədəd Azərbaycan bayrağı daşıyırdılar. Təxminən 30 ilə yaxın davam edən işğala məruz qalmış kəndlərimizin, qəsəbələrimizin, şəhər və rayonlarımızın həsrətini elə dərin çəkmişdik ki, torpağımızın hər qarışına, hər evinə, hər binasına, hər təpəsinə, hər dağına müqəddəs bayrağımızı sancmaq arzusu ilə alışırdıq.
Hadrut istiqamətində hücumdan əvvəl dostum Ziya Babayev mesaj yazmışdı:
— Qardaş, orada sizə nəsə lazımdırsa alaq göndərək.
Mən ona yarı zarafat, yarı ciddi cavab yazdım:
— Qardaş, bayraq lazımdır. Bayraq çatdıra bilmirik.
O, təəccübləndi və zarafat etdiyimi düşündü — amma həqiqətdə bizə hər şeydən əvvəl məhz bayraq lazım idi. Buna görə də Hadrutun hər yeri Azərbaycan bayrağına bürünmüşdü. Lakin biz arxayınlaşmamışdıq: təmizlik işləri davam edirdi. Üstəlik, Hadrutun şərq kənarındakı yüksəkliklər, Xankəndi istiqamətinə gedən yol və Xocavənd istiqamətindəki mövqelər hələ də düşmənin nəzarətində idi. Oradan Hadrutdakı bölmələrimizi bütün atəş vasitələri ilə intensiv atəşə tuturdular. Hadrutun içərisindəi isə gizlənmiş düşmənin axtarılıb, tapılıb, məhv edilməsi davam edirdi.
Yaşayış məntəqələrində aparılan döyüşlər hərbi əməliyyatların ən mürəkkəb və itki riski ən yüksək olan növüdür. Bu döyüşlər taktiki, insani və təminat baxımından xüsusi yanaşma tələb edir. Hələ yaşayış məntəqəsi dağlıq ərazidədirsə, iş daha da mürəkkəbləşir.
Yaşayış məntəqəsində əməliyyatın planlanması və icrası digər döyüş növlərindən daha detallı və hərtərəfli olmalıdır. Buna görə idarəetmə, qarşılıqlı əlaqə, çoxkanallı rabitə və təxliyə marşrutları, həmçinin vəziyyətin davamlı dəqiqləşdirilməsi komandanlıqdan yüksək idarəçilik bacarıqları tələb edir — çünki hər bir səhv canımız, qanımız bahasına başa gələ bilərdi.
Yaşayış məntəqəsində döyüş — damların, mərtəbələrin, küçələrin, həyətlərin, zirzəmilərin, hətta kanalizasiya və tunellərin eyni vaxtda döyüş meydanına çevrildiyi mühitdir. Hər ev, hər hasar, hər balkon potensial qala; hər pəncərə potensial atəş nöqtəsidir. Əgər məntəqə əvvəlcədən müdafiəyə hazırlanıbsa, hücum edən üçün vəziyyət daha da çətinləşir: düşmən qapalı sahələrdə tələlər,sürprizlər qurur, gizli, gözlənilməz atəş nöqtələrindən atəş açır və hər addımda yeni təhlükə peyda olurdu.
Hücum mərtəbə-mərtəbə, ev-ev, otaq-otaq təmizləmə ilə aparılmalıdır; hər təmizlənmiş obyekt qeyd edilməli, sektorlar aydın şəkildə bölünməli və bölmələrin bir-birinə təsadüfi atəş açmasının qarşısı alınmalıdır.
Görüş məsafəsi ciddi dərəcədə məhduddur — adətən 30–50 metr.
Atəşin intensivliyi və müxtəlif istiqamətlərdən (pəncərə, dam, zirzəmi, arxa) açılması situasiyanı daha da mürəkkəbləşdirir. Zirzəmi və digər qapalı sahələrdə rabitə tez-tez kəsilir; əlaqə itdikdə isə bölmə öz atəşi altında qala bilər.
Artilleriya və zirehli dəstək məhdud şəkildə istifadə olunur — mülki infrastrukturun və dost qüvvələrin itkisinin qarşısını almaq üçün atəş dəstəyi seçici, dəqiq və yalnız zəruri hallarda tətbiq edilməlidir. Atəş edilən hər bir bina və ya evdə öz bölməniz ola bilər.
Hücum xətti burada açıq ərazidəki kimi deyil, sən sağ və solunda hərəkət edən bölməni görmürsən. Düşmən müqavimətindən asılı olaraq bir bölmə sürətlə, digər bölmə isə yavaş hərəkət edə bilər. Nəticədə sürətlə irəliləmiş bir bölmə gözlənilməz şəkildə düşmən qüvvələrinin arasında qala bilər və ona verilən hər atəşə dərhal cavab vermək məcburiyyətində qalacaq — bu zaman atəş altında öz bölməniz də ola bilər.
Xüsusi təyinatlılarda bu məsələlər incə detallara qədər işlənmişdi: tanıma nişanları, işarələr və siqnallar sistemimiz mövcud idi. Bizim qayğımız tabeliyimizə verilmiş digər bölmələrin bizim bölmələrlə qarşılıqlı əlaqəsinin təşkili idi; buna görə də bu əməliyyatda daha diqqətli və ölçülüb-biçilmiş fəaliyyət göstərirdik. Məsuliyyət və gərginlik pik həddə idi.
Mən də artıq yorulduğumu hiss edirdim. Vətən müharibəsi başlayandan hücum əməliyyatları fasiləsiz, dayanmadan, gecə və gündüz aparıldığından artıq iki həftəlik yuxusuzluq, zəif qidalanma və gərginlik özünü göstərirdi. Məlumat mübadiləsi, fəaliyyətlərin intensivliyi o qədər yüksək idi ki, hətta çöldə olsaq da, təbii ehtiyaclarımızı ödəmək üçün vaxt edə bilmirdik. Hər an hansı bölmənin harda, nə etdiyini, hansı vəziyyətdə olduğunu, nəyə ehtiyacı olduğunu bilməli, bütün bölmələrin qarşılıqlı fəaliyyət göstərməsini təmin etməli, lazım gəldikdə şəxsən döyüşə girib şəxsi nümunə göstərməli, yuxarı komandanlığın tabeliyində olan vasitələrin (Bayraktar, Harop, aviasiya, artilleriya və sairə) atəşini bölmənin istədiyi yerə dəqiqliklə yönləndirməli, yeni qərarlar qəbul etməli və hər bir bölməyə ayrı-ayrılıqda çatdırılmasına nəzarət etməliydim. Mən də bütün hər şeyə şəxsən müdaxilə etməyi istədiyim üçün bu xasiyyətim məni çox yorurdu.
Əməliyyatların hər anının düşmən üzərində qələbəmiz üçün nə qədər əhəmiyyətli olduğunu bildiyimə görə hər şeyə şəxsən nəzarət etməli və anında qərar qəbul etməliydim. Aktiv əməliyyatlarda rabitənin dəstəyi demək olar ki, qulağıma yapışmış vəziyyətdə olurdu. Məlumat mübadiləsi o qədər çox idi ki, kənardan gələn danışıqları, hətta partlayış səslərini də bəzən eşitmirdim. Müharibədən sonra təxminən iki il müddətində sağ qulağımda yaranan küydən dolayı sağ tərəfimdə kimsə danışanda onu eşitmirdim; danışanın qolundan tutub onu sol tərəfimə keçirirdim ki, nə danışdığını anlaya bilim.
Artıq enerjimin yavaş-yavaş tükəndiyini hiss edirdim, amma birinci imkanda ən azı on beş dəqiqəlik dincəlməyə vaxt tapacağıma ümid edərək dözürdüm. Danışıq tempim, hərəkətlərim, hətta baxışlarımın zəiflədiyini hiss edirdim. Görməm bulanıqlaşmışdı. Qərargahdan sərəncam gətirənlərə demişdim — mənə lupa gətirsinlər. Xəritəni lupasız görə bilmirdim; hətta ən böyüyü ilə də.
Oktyabrın 10-u gecəsi ərazidə əməliyyata rəhbərlik edirdim.
Artıq tükənmişdim — qarşımdakı xəritəni lupa ilə də aydın görə bilmirdim. Rabitəçim mənim dediyim yerlərə baxıb mənə deyirdi. Bir anlıq görməm yaxşılaşdı və xəritə üzərində yolların qabardığını, maşınların ora-ora getdiyini, çayların axdığını gördüm. Çox təəccübləndim və düşündüm ki, bu asetat (xəritənin üzərinə qoyulan, onu zədələ-mədən vəziyyəti qeyd etməyə imkan verən şəffaf vasitə) yəqin uşaqlar üçün nəzərdə tutulub— yəqin vəziyyətə görə normal asetat tapılmamışdı və məcburən vəziyyəti bunun üzərində işləmişdilər.
Ətrafımda olan ağaclar da hərəkət etməyə başlamışdılar. Nəyinsə düz getmədiyini hiss etsəm də anlaya bilmirdim.
XTQ komandanı rabitədə mənimlə danışmaq istəyirdi.
Rabitənin dəstəyini rabitəçidən aldım və vəziyyət barədə məruzə etmək istədim. Lakin sözləri desəm də ağzımdan səs çıxmırdı — demək olar ki, səsim batmışdı. Bütün gücümü toplayıb komandana «Eldənizi bura göndərin» dedim (polkovnik Namazov Eldəniz mənim yanımdan geriyə — komandanın yanına yeni qayıtmışdı, ona görə də onun yaxınlıqda olduğunu düşünürdüm) və yanacağı bitmiş bir mühərrik kimi söndüm. Bir müddət ətrafımda baş verənləri müdaxilə edə bilməsəm də hiss edirdim. Rabitəçi kiminləsə danışırdı:
— “Retro”, “Retro”. — Bəli, mənəm — “Bəbir”əm. Bəli, sağdı. Oldu, indi ehtiyat tezliyə keçirəm.
Sonra daha heç nə eşitmədim və tam huşumu itirdim.
Ayıldıqda soyuq, dərin bir boşluğun içində olduğumu hiss etdim. Ağ, qaranlıq və sanki sonsuz bir qəbir… Mən buraya necə düşmüşdüm? Və ən əsası… nə vaxt ölmüşdüm?
Bədənimə hakim deyildim. Sanki ruhum boşluqda süzülürdü, amma… səslər gəlirdi. Haradansa uzaqdan, boğuq səslər, rabitə cihazının xışıltıları… Güllə səsləri?! Beynimə sancılan bu səslər getdikcə daha da güclənirdi.
Birdən içimdə izaholunmaz bir güc hiss etdim. Tərpənməyə çalışdım. Sanki ağır bir yük sinəmə çökmüşdü, nəfəs almaq çətin idi. Ancaq var gücümü toplayıb irəli itələdim və qəfil oturdum.
O anda hər şey dəyişdi.
Qarşımda açılmış xəritə vardı - amma ən qəribəsi bu deyildi… Ətrafımda xüsusi təyinatlı zabit və gizirlər dövrə vurmuşdu. Silahlarını qaranlığa tuşlamışdılar, sanki məni qoruyurdular.
Haradan gəldiyi bəlli olmayan partlayış, güllə səsləri…. Hər tərəfdə ölüm var idi… və mən ölü deyildim.
Sağ tərəfimdə, torpağın üzərində əlində rabitə cihazı sıxmış bir əsgər uzanmışdı. Gözləri dəhşətdən böyümüşdü. O, mənə elə baxırdı ki, sanki… mənim bu dünyaya aid olmadığımı düşünürdü.
Başımdan soyuq tər süzüldü. Nəfəsim boğazımda düyünləndi. Mən haradayam?!
Boğuq səslə soruşdum:
— Bura… haradır?
Əsgər udqundu. Bir anlıq dili söz tutmadı. Sonra özünü toparlamağa çalışaraq, titrək, amma qətiyyətli səslə cavab verdi:
— Döyüşdəyik, cənab polkovnik…
Bu zaman Eldəniz əlində “Red Bull” və “Mars” şokoladı tutmuş şəkildə həyəcanla mənə yaxınlaşdı.
- Sən burda neynirsən Eldəniz? – təccüblə ondan soruşdum.
O, əlindəki həmin “Red Bull”-u və “Mars”-ı mənə tərəf uzadıb dedi:
— Cənab polkovnik, tez bunu yeyin və bunu için.
Qeyri-ixtiyari olaraq “Mars” şokoladını alıb yeddim və “Red Bull”-u içdim. Elə bil beynimdə çox yüklənərək donmuş kompüter kimi yenilənmə aparıldı və mən özümə gəldim. Yaddaşım və görməm bərpa olundu. Artıq hər şeyi xatırlayırdım. Amma başım çox pis ağrıyırdı.
İlk soruşduğum — nə qədər müddət huşumu itirdiyim oldu.15 dəqiqə.
Sonra rabitədə komandanla danışıb vəziyyəti izah etdim və hər şeyin nəzarətim altında olduğunu dedim. O sakitcə:
— Zaur, bilirəm hər şeyə özün nəzarət etmək istəyirsən, amma dincliyə və qidalanmana da əməl etməlisən. Yoxsa sonrakı qələbələrimizi görməyəcəksən, — dedi.
— Oldu. Çalışacağam, — özümdə dediyimə inanmasam da söz verdim,.
Eldənizə tərəf dönüb soruşdum:
— Nə olmuşdu?
Bu müddət ərzində çox şey baş vermişdi. Komandan onunla danışarkən səsimin zəif çıxması və səsimin mənim səsimə oxşamaması səbəbindən mənim düşmənə əsir düşdüyümü və onların tələbi ilə danışdığımı düşünmüşdü. Ona görə də dəfələrlə rabitə rəisindən tələb etmişdi ki, rabitəçilər ehtiyat tezlik və çağırış adları ilə əlaqə saxlasın və parol vasitəsilə hər şeyin qaydasında olduğuna əmin olsunlar.
Əlbəttə əsir düşməmişdik və Eldəniz də yaxınlıqda olduğu üçün komandan onu vəziyyəti aydınlaşdırmaq üçün yanıma bir qrupla göndərmişdi.
O gündən sonra vəziyyət nə qədər gərgin olsa da, mənə içməyə və yeməyə bir şey verilməsini əmr etdim — çünki idarəetmənin itirilməsi uğurlu əməliyyatlarımıza təsir edə bilərdi.
Polkovnik Namazov təkidlə mənim istirahət etməli olduğumu deyirdi:
— Cənab polkovnik, ən azı yarım saat yatın. Görürsünüz ki, yuxulamırsınız da. Müharibənin nə vaxt bitəcəyi bilinmir.
— Onda sən hələ ki burda ol. Diqqətli ol. Eldəniz, unutma, bu təlim deyil, ikinci şansımız yoxdur, — dedim.
Mən yolunda şəhid olmağa gəldiyimiz müqəddəs torpağın üzərinə uzanıb dərhal yuxuya getdim. Yuxuda “Xan Şuşinski”-nin “Şuşanın dağları” mahnısını eşidirdim. Babamla Şuşada, Cavanşirlər məhləsinin küçələrini gəzirdim. Hər yer çox səliqəsiz və zibillik idi. Mən çevrilib babama baxdım; o nə demək istədiyimi anlayıb sakitcə dedi:
— Bala, bu ermənilər nə bilirlər ki, müqəddəs yer nədir. Onlar həmişə qaraçı kimi yaşayıblar. Sən qayıt gəl ata-baba yurduna, buraları bu zir-zibildən təmizlə.
Mən yuxudan ayıldım. Düşmən başımıza od yağdırırdı. Bu qədər səs-küyün, partlayışların və atəş səslərinin içində necə yatdığımı anlamırdım.
Artıq yavaş-yavaş texnikaların irəli çəkilməsinə göstəriş verdim. Hadruta gedən yol Şişdağ yüksəkliyinin ətəyindən keçirdi. Mən komanda məntəqəsinin texnikalarına yolun sol tərəfinə sığınaraq hərəkət etdirməsini əmr etdim, çünki düşmən artilleriyası yolu atəş altında saxlayırdı.
Hava hücumu da ola bilərdi, amma hələ ki bu barədə bizi xəbərdar etməmişdilər.
Tabeliyimdəki tanklar və komanda məntəqəsinin avtomobilləri Süleymanlı kəndindən yuxarı qalxırdı.
Düşmən Şişdağın tam yuxarısında yolun tam ortasında texnikaların keçməməsi üçün 2 metr enində, 2 metr dərinliyində xəndək qazmışdı. Gələn ilk dəqiqədən etibarən istehkamçılara xəndəyin hər tərəfini minaxtaranla yoxlayıb doldurmağı göstəriş vermişdim.
İlk olaraq zirehli idarəetmə avtomobilim xəndəyin təmizlənib, doldurulmuş hissəindən keçərək hazırlanmış mövqedə yerləşdi. Bundan sonra tanklardan birinin həmin yerdən keçərək yaxınlığa mövqelənib düşmənin atəş vasitələrini susdurmasını əmr etdim. Tank xəndəyi keçmək istədiyi anda güclü partlayış oldu — tankın sağ tırtılı mina üzərinə düşmüşdü.
Dərhal bütün hərəkəti dayandırmağı, tank heyətinin təxliyə edilməsini, yaralılara ilk tibbi yardım göstərilməsini, xəndəyin və ətrafın yenidən yoxlanılmasını və bütün texnikanın mövqelənməsini əmr etdim. Minalar çox dərin basdırılmışdı; minaxtaranlar həmin dərinlikdə minaları aşkarlaya bilmirdilər.
Düşmən dəlicəsinə bizi atəşə tutmuşdu. Düşmənin artilleriyası səngidikdə, hərəkətin davam etdirilməsi məqsədilə minaya düşmüş tankın yan tərəfindən xəndəyin doldurulmasına və hərəkət üçün hazırlanmasına göstəriş verdim. Tank elə yerdə minaya düşmüşdü ki, onun ancaq sağından — həm də uçurum olan hissədən — kiçik bir keçid qalırdı. Xəndəyin həmin yeri tam dolduruldu və bir avtomobilin güclə keçə biləcəyi yol hazırlandı. İlk olaraq komanda məntəqəsinin avtomobilləri növbə ilə keçməyə başladılar. Rabitə əlaqəsi quruldu və mən vəziyyət haqda müdafiə nazirinə və XTQ komandanına məruzə etdim.
Rabitə əlaqəsi bitdikdən bir az sonra güclü bir partlayış məni yerimdən qoparıb kənara atdı.
Heç nə düşünə bilmirdim. Qulaqlarım səslə dolu idi. Sağ olduğumu bilsəm də, hərəkət edə bilmirdim. Çətinliklə ayağa qalxdım və nə baş verdiyini anlamaq üçün ətrafıma baxmağa başladım. Tankın yan tərəfində bizim pikap parça-parça olmuşdu. İlk olaraq pikapın düşmən dronları vasitəsilə vurulduğunu düşündüm. Çünki artilleriya ilə vurulsaydı, avtomobili kənara atmalı idi. Minaya da düşməməli idi, çünki həmin yerlər iki dəfə yoxlanılmışdı.
Avtomobilin sürücüsü baş gizir Əhmədov Bəhram ağır yaralanmış, sağ tərəfdə olan kapitan Mustafayev Nurlan isə həlak olmuşdu. Avtomobildə minaya düşmüşdü.
Mina dərində olduğu üçün, üzərindən keçən texnikalar öz ağırlıqları ilə tədricən minanı aktivləşdirmişdi və bədbəxtlikdən pikap keçdiyi anda partlamışdı. Həmin yerləri qazmaq istehkamçılar üçün də təhlükəli idi. Ona görə də bu dəfə tankın sol tərəfindən yolun yoxlanmasına və texnikaların hərəkətinin təmin edilməsinə göstəriş verdim.
Düşmən Hadrutu itirmədiyini, tezliklə Azərbaycan ordusunu məğlub edəcəyi haqda cəfəng videolar və müraciətlər paylaşaraq erməni xalqını aldadırdı. Bütün artilleriyası Hadruta mərmiləri yağış kimi yağdırırdı. Dəfələrlə müxtəlif istiqamətlərdən çox sayda qüvvələrilə hücum edirdilər. Düşmən bizi yox etmək üçün hər şeyi edirdi. Şişdağın ətəyi bizi müəyyən qədər qoruyurdu, amma heç kim zəmanət verə bilməzdi ki, növbəti mərmi düz başımızın üstünə düşməyəcək. Hər saniyəmiz, hər nəfəsimiz, sonuncu ola bilərdi.
O anda hərbi məktəbdən kurs yoldaşım, təyyarəçi polkovnik Elman Hacıyev zəng etdi.
- Qardaş beş-on dəqiqəyə bizim qırıcı sizin istiqamətə gələcək, düşmən hədəflərini vuracaq. Əgər havada təyyarə görsəniz, narahat olmayın.
Bu xəbər məni bir az rahatlatsa da, içimdə qəribə bir narahatlıq var idi. Sanki hisslərim təhlükəni sezirdi.
5-10 dəqiqə sonra anidən Şişdağın tam zirvəsindən üzərimizə sürətlə bir qırıcı təyyarə şığıdı. Əvvəlcə elə bildim ki, bizim təyyarəmizdir və bəlkədə bizim görmədiyimiz düşmən hədəfini vurmağa gəlib.
Amma yox...Təyyarə bizə tərəf şığıyırdı. Birdən, gözlənilmədən, bizə iki raket atdı. Raketlər yanımızdan ötüb keçdi və dərəyə düşdü. Gurultulu partlayış oldu! Yer silkələndi.
Mən bir anlıq donub qaldım. Bu, nə idi?! Niyə bizim təyyarə bizi vururdu?!
Təyyarə enərək dövrə vurmağa başladı. Biz dağın zirvəsinə yaxın oldğumuza görə o dövrə vurduğu vaxt bizimlə eyni səviyyədəki hündürlükdə uçmağa başladı.
Onunla göz-gözə gəldim.
Mənim baxışlarımda çaşqınlıq, qəzəb və suallar vardı. O isə soyuqqanlı şəkildə başını bizə tərəf çevirib harda olduğumuzu bir daha dəqiqləşdiridi.
Əlimi qaldırıb işarə etdim, sanki sual verirdim: "Sən nə edirsən?! Biz burdayıq! Özümüzük!"
O isə qəfildən yenidən havaya qalxdı.
O an bütün fikirlər başımda bir-birinə qarışmışdı. O bizim təyyaərçi idisə artıq bizi tanımalıydı. Təyyarə qəfil burnunu bizə doğru çevirdi. O qayıdırdı.
Demək ki, ya bobma atacaq ya da raket buraxacaqdı.
Bu… düşmən təyyarəsi idi. Ancaq Elmanın mənə dedikləri məni yenədə şübhələr içində qoyurdu.
- Mövqelənin! – deyə qışqırdım.
Dərhal yaxınlığımda mövqelənmiş və atışa hazır vəziyyətdə komandamı gözləyən daşınan zenit raket kompleksi (DZRK) heyətinə qışqırdım.
- Atəş.
Hər şey saniyələr içində oldu.
Zenit heyəti raketi buraxdı.
Raket göy üzündə iz buraxaraq hədəfə doğru uçurdu. Amma təyyarədə artıq bizə çatmaq üzrəydi. Raketdən qaçmaq istəyən təyyarə anidən sola əyildi və bombanı atdı. Bomba bizim üzərimizdə olan yüksəkliyə düşdü. Partlayış hər yeri silkələdi. Pilot hədəfə çata bilmədiyini anladı və uzaqlaşdı.
Bu dəfə ölümün cəngindən qurtulmuşduq.
Dərhal kurs yoldaşım polkovnik Namiq İslamzadəyə zəng etdim.
- Namiq! Qardaş niyə bizi vurursunuz?!
Onun cavabı qanımı dondurdu.
- Qardaş sizi niyə vuraq. Ümumiyyətlə sizin istiqamətdə heç bir təyyarəmiz döyüş tapşırığı icra etməyib! Bizim təyyarəmiz Füzuli tərəfdədi.
Birdən Şişdağın üzəridə tapşırıq yerinə yetirən sərhədçiləri xatırladım. Onlara Şişdağın üzəridən Edişə kəndinə doğru hərəkət edərək düşmənin orada mövqelənmiş qüvvələrinin məhv edlməsi tapşırığı vermişdim. Dərhal sərhədçilərlə əlaqə yaratdıq. Xoşbəxtlikdən onlar təyyarənin atdığı bombanın partlayış yerindən uzaqda olmuşdular.
Bir neçə dəqiqə sonra Müdafiə naziri Zakir Həsənov zəng etdi.
- Sizin komanda məntəqənizə düşmən təyyarəsi hücum edib? Vəziyyət necədir?
Mən ona bütün baş verənləri məruzə etdim. O isə sakit səslə dedi:
- Cəbrayıl tərəfə də gələn düşmən təyyarələrini hava hücumundan müdafiə bölmələrimiz vurublar. Daha diqqətli olun. Döyüş hələ bitməyib.
Bəli — döyüş hələ bitməmişdi. Düşmənin bütün hücumlarını qətiyyətlə dəf etdik. Artıq heç bir qüvvə müqəddəs bayrağımızı işğal altında olan torpaqlarımızın hər qarışında dalğalandırmağımıza mane ola bilməzdi. Biz dayanmayacaqdıq.
ARDI VAR...
Bizim.Media