“ASAN (xidmət) da dörd hərfdən ibarətdir, AYNA da dörd hərflidir. Amma məmnunluq baxımından ASAN xidmətə cəmiyyətin nə qədər üstünlük verdiyi, istədiyi bilgini ala bildiyi, tənqidi yanaşılan məsələlərə dərhal cavab verildiyi bir qurumla üzləşirsən. Amma digər qurumlarda bir çox hallarda bunu görə bilmirsən”.
Bizim.Media xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Fazil Mustafa çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda Problemlərin Həlli Nazirliyi yaradılmalıdır:
“Çünki ayrı-ayrı nazirliklər, dövlət komitələri arasında səma rəqsində olduğu kimi dövr edən Azərbaycan vətəndaşının bir çox hallarda elementar məsələlərin həllində nə qədər vaxt itirdiyinin şahidiyik.
Amma ölkə prezidentinin təşəbbüsü ilə ASAN xidmət modelinin yaranmasınadan sonra ölkədə bəlkə, vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin olunduğu mexanizm əldə elədik. Bu model Azərbaycan vətəndaşını, süründürməçilikdən, korrupsiya və başqa elementlərin zərbəsindən xilas elədi. Bu gün hansısa sənədi əldə eləmək üçün hansısa idarənin qapısında saatlarla, günlərlə gözləməyə ehtiyac duyulmur.
Bu cür qurumlar Prezidentin təşəbbüsü ilə yaradılır. Amma burada əsas məsələ vicdan məsələsidir, vətəndaşa xidmət etmək niyyətidir.
Kim bu niyyəti daşıyırsa, orda heç bir problem qalmır. Kim ki bu niyyəti anlamırsa, məmur cavabdehliyini özündə hiss etmirsə, onda bu sahələrdə müəyyən boşluqların həll olunmamasının şahidi oluruq”.
Günay Şahmar, Bizim.Media