Ağdamın Xındırıstan kəndində avqustun sonunda atası tərəfindən döyülərək ağır xəsarətlər alan ikiyaşlı Musa Rəhimovun vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
27 avqust 2025-ci il tarixində ağır vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına gətirilən Musanın vəziyyəti dərhal Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də nəzarətə götürülərək,aidiyyatı qurumlarla birgə fəaliyyətə başlanılıb. Azyaşlının vəziyyətinin ağır olması səbəbindən onun Bakıya – Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunmasına qərar verilib. Həkimlərin səyi nəticəsində, həyat savaşı verən azyaşlı yenidən həyata qaytarıldı.
Hazırda Musanın vəziyyəti stabildir. Hələ də xəstəxanadadır, amma təhlükəli mərhələni geridə qoyub.
Xatırladaq ki, bu il avqustun 27-də Musa Rəhimov komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib.
Tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən körpəyə müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmiş yaraları diaqnozları təyin edilib.
Onun üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub. Durumunun ağır olması səbəbindən onun Bakıya - Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunmasına qərar verilib.
Araşdırmalarla məlum olub ki, ailənin iki övladı olub (2 və 3 yaşında) və valideynlər onlara mütəmadi işgəncə veriblər.
Bu hadisədən öncə 2023-cü il təvəllüdlü Musa Rəhimov xalası Şahanə Ağayeva tərəfindən işgəncəyə məruz qaldığı üçün Sosial Xidmətlər Agentliyinin 22 iyul 2024-cü il tarixli qərarı ilə Körpələr Evinə yerləşdirilib. Ağdam Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərarı ilə anlaqsız vəziyyətdə əməl törətmiş Şahanə Ağayeva barəsində tibbi xarakterli məcburi tədbir tətbiq olunub. Bundan əlavə, həmin məhkəmənin 12 mart 2025-ci il tarixli qətnaməsi ilə valideynlər - Rəhimov Sadiq Azay oğlu və Rəhimova Sevinc Telman qızının nikahı pozulub və azyaşlının anasının yanında saxlanılması müəyyən edilib.
Bundan sonra Sevinc Rəhimova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək övladının Körpələr Evindən götürülərək ona verilməsini xahiş edib. Məhkəmə iclasında 1 saylı Körpələr Evinin nümayəndəsi iddia tələbinə etiraz etməyib, Sosial Xidmətlər Agentliyinin nümayəndəsi isə uşağın valideyn himayəsinə qaytarılmasına hüquqi məhdudiyyət olmadığını bildirib.
Nəticədə Nəsimi Rayon Məhkəməsinin 11 iyun 2025-ci il tarixli qətnaməsi ilə Musa Rəhimovun
Körpələr Evindən alınaraq anası Sevinc Rəhimovaya verilməsi qərara alınıb.
Qeyd edək ki, onun müalicəsi TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasında davam etdirilir.
Bizim.Media